“Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” – dəyirmi masa
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Vətən müharibəsində Zəfərin beşinci ildönümünə həsr edilib.
İnstitutdan Crossmedia.az-a bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 5 il öncə mənfur işğalçılar üzərində qazandığı Qələbədən söz açıb. Direktor müavini işğaldan azad edilmiş ərazilərdə böyük vüsət alan quruculuq və bərpa işləri ilə yanaşı, birinci və ikinci Qarabağ müharibələrində itkin düşmüş soydaşlarımızın axtarılması yönündə işlərə başlanıldığını da bildirib.
Qeyd olunub ki, bu istiqamətdə işlərə aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla yanaşı, Arxeologiya və Antropologiya İnstitutunun təcrübəli əməkdaşları da cəlb edilib. Aydın olub ki, itkin düşmüş soydaşlarımızın axtarışı istiqamətində sistemli işlərin aparılması üçün beynəlxalq təcrübəyə arxalanmaq və artıq bir sıra ölkələrdə mövcud arxeologiya elminin bazasına əsaslanan məhkəmə arxeologiyası sahəsini yaratmağa ehtiyac var. Beləliklə də, institut nəzdində Məhkəmə arxeologiyası şöbəsi yaradılıb.
Daha sonra Məhkəmə arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev elektron təsvirlərlə müşayiət olunan “Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda çıxış edib. O bildirib ki, aidiyyəti dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları müstəqilliyin ilk günlərindən müxtəlif məsələlərin araşdırılmasında arxeoloqları əməkdaşlığa cəlb ediblər. “Bu sıradan XX əsrin 90-cı illərinin əvvəlində Bakı şəhəri yaxınlığında Stalin dövrü repressiya qurbanlarına aid kütləvi dəfnin araşdırılmasında institut əməkdaşlarının iştirakını göstərmək olar. 26 Bakı komissarlarının gizlinlərinin araşdırılmasına da bizim institutun mütəxəssisləri cəlb olundular. Həmçinin Qubada Soyqırımı məzarlığının tədqiqatında arxeoloq həmkarlarımızın fəaliyyəti mediada geniş işıqlandırılıb. Nəhayət, 44 günlük Vətən müharibəsində Qələbə qazanıldıqdan sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqatlara paralel olaraq, itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılmasına arxeoloqların da cəlb edilməsinə tələb yaranıb. Sistemli tədqiqatlara ehtiyac olduğundan institut nəzdində Məhkəmə arxeologiyası şöbəsi yaradılıb”.
Akif Quliyev 2022-ci ildən bu günədək Məhkəmə arxeologiyası şöbəsinin əməkdaşlarının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında arxeoloji tədqiqatlar aparan arxeoloqların iştirakı ilə itkin soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən işlərdən söz açıb. Şöbə müdiri Məhkəmə arxeologiyası üzrə beynəlxalq təcrübə və elmi bilik mübadiləsi çərçivəsində arxeoloqların xarici ölkələrdə (Kipr, Serbiya) təlimlərdə iştirakı, məhkəmə arxeologiyası və antropologiyası üzrə beynəlxalq elmi konfranslarda (Türkiyə, Avstraliya və s.) iştirakı barədə məlumat verib.
Eyni zamanda, Akif Quliyev aparılan tədqiqatlarda üzləşdikləri çətinliklər və problemlərin həll edilməsində toplanmış təcrübədən danışıb. “Ən əsas problem – mənəvi-psixoloji və emosional stresin öhdəsindən gəlməkdir. Belə ki, bəzi hallarda biz əsir düşmüş azərbaycanlı hərbçilərin və dinc sakinlərin qalıqlarını araşdırarkən erməni işğalçıları tərəfindən törədilən vəhşi işgəncələrin və qətllərin əlamətlərini qeyd edirik. Bunlarla üzləşmiş arxeoloqdan möhkəm iradə və psixoloji immunitet tələb edilir”.
Məruzənin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb.
15:15 08.11.2025
Oxunuş sayı: 1328