Ceyhun Bayramov: Bu o demək idi ki, məsələ tam dondurulsun
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və onun gedişatındakı siyasi-diplomatik proseslərlə bağlı İctimai Televiziyanın "Təmas xətti" verilişinə müsahibə verib.
Crossmedia.az xəbər verir ki, müsahibəsində o, Azərbaycan, Ermənistan və Rusiya arasında aparılan danışıqlarla bağlı maraqlı məqamlara toxunub:
"Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi. Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu.
Ərazinin boşaldılması və sair nəzərdə tutulmurdu. Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi.
Danışıqlar bir neçə saat çəkdi və mövqelərdə heç bir tərpəniş yox idi. Lavrov müəyyən məqamda bir manevr edib bildirib ki, dünən liderlərin danışığı olub, o məlumatlıdır, siz isə onlardan bir qədər fərqli görünürsünüz. Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var.
Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab Prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq.
Danışıqlara qayıdanda Rusiya Prezidenti Putin, Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkinməyəcəyimizi bildirdik".
Nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi. Biz isə bildirdik ki, danışığa sabah da davam edə biıərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildi. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu günün maraqlı məqamı idi.
Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı (işğal altında olan 7 rayondan Kəlbəcər və Laçın istisna olmaqla beşinin dərhal azad edilməsi) təqdim edəndə, biz bunun işləmədiyini dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".
12:55 08.11.2025
Oxunuş sayı: 1105