Azərbaycan yeni texnologiyaların yaratdığı reallıqlara hazır olmalıdır - Deputat
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində etdiyi çıxış ölkənin elmi potensialının inkişafı, elmin cəmiyyət və dövlət həyatında oynadığı rol baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında elmin qarşısında duran əsas vəzifələr, gənc tədqiqatçıların hazırlanması, innovasiya yönümlü tədqiqatların təşviqi və elmi nəticələrin praktiki həyata tətbiqi kimi mühüm məsələlərə toxunulub. Prezidentin vurğuladığı fikirlər elmi idarəetmənin modernləşdirilməsi, elmin iqtisadi və texnoloji inkişafa inteqrasiyası baxımından strateji istiqamətləri müəyyənləşdirir və Azərbaycanın gələcək elmi siyasətinə yol xəritəsidir.
Milli Məclisin deputatı Soltan Məmmədov Prezident İlham Əliyevin AMEA-dakı çıxışı ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində süni intellektin inkişafı ilə söylədiyi fikirlər qarşımızda çox mühüm vəzifələrin dayandığını göstərir. Süni intellekt idarəçilik, biznes, təhsil, səhiyyə kimi sahələrdə geniş şəkildə tətbiq olunmağa başlayıb və bu prosesin nəticələrinə dair dəqiq proqnozlar vermək mümkün deyil. Ona görə də Azərbaycan yeni texnologiyaların yaratdığı reallıqlara hazır olmalıdır".
Deputat vurğulayıb ki, elmi potensialın gücləndirilməsi, milli elmin beynəlxalq elmi məkanla inteqrasiyası və gənc alimlərin təşviqi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dövlətimizin gələcəyə yönəlmiş strateji baxışını bir daha təsdiqləyir: “Dövlət Başçımızın çıxışı bir daha göstərdi ki, ölkə rəhbərliyinin elmin inkişafına verdiyi dəstək strateji mahiyyət daşıyır. Elm sahəsində aparılan islahatlar, elmi müəssisələrin modernləşdirilməsi, gənc alimlər üçün yaradılan şərait Azərbaycanın gələcək elmi və texnoloji tərəqqisinə hesablanıb.”
S. Məmmədov bildirib ki, ən mühüm məsələlərdən biri süni intellekt sahəsində yerli tədqiqat və innovasiya potensialının gücləndirilməsinə nail olmaqdır. O, vurğulayıb ki, ölkəmiz bəzi dövlətlər və təşkilatlarla elmi-texnoloji və innovasiya sahəsində birgə proqramların həyata keçirilməsini nəzərdə tutan sənədlər imzalayıb: “Azərbaycan bu sahədə Türkiyə, Çin və digər ölkələrlə əməkdaşlıq etməyə başlayıb. Yəqin ki, yaxın gələcəkdə bu əməkdaşlığın coğrafiyası və spektri daha da genişlənəcək. Müasir texnologiyalarından səmərəli şəkildə istifadə edilməsi ölkəmizin sosial-iqtisadi inkişafına, elmin tərəqqisinə və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə önəmli töhfələr verə bilər. Cənab Prezident də çıxışında vurğuladı ki, Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Eyni zamanda qeyd etdi ki, bu sahədə Azərbaycan alimlərindən fəal iştirak gözlənilir. Müasir dövrdə ən mühüm məsələlərdən biri də kibertəhlükəsiliklə bağlı təhdidlərin qarşısının alınmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasında da əsas məqsədi dövlət və özəl sektorun informasiya sistemlərini kiberhücumlar və texnoloji təhdidlərdən qorumaqdır".
Ayhan
20:32 07.11.2025
Oxunuş sayı: 1898