Şagird və tələbələr dərslərini Sİ-yə etdirir: Bu, nə qədər düzdür? - Fikirlər haçalandı
Son dövrlər şagird və tələbələrin tapşırıqlar hazırlayarkən süni intellektdən geniş istifadə etməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Bəziləri bunu müasir təhsilin ayrılmaz hissəsi kimi qəbul etsə də, digərləri bunun tələbələri araşdırmadan və müstəqil düşünməkdən uzaqlaşdırdığını bildirir.
Crossmedia.az olaraq biz də bu mövzu ilə bağlı müəllimlər arasında sorğu apardıq.
İxtisas seçimi üzrə ekspert, BDU-nun müəllimi Rəvan Əliyev məsələni ikitərəfli qiymətləndirir: “Tələbələrin süni intellektdən tapşırıqlar üçün istifadəsi məsələsinə ikitərəfli yanaşıram. Bir tərəfdən bu, müasir texnogen sivilizasiyanın gətirdiyi qaçılmaz reallıqdır. Biz artıq elə bir dövrdə yaşayırıq ki, süni intellekt yalnız texnoloji alət deyil, həm də idrakın, yaradıcılığın və öyrənmənin yeni forması kimi cəmiyyətin mədəni strukturuna daxil olur. Bu baxımdan tələbələrin Sİ-dən istifadə etməsi zamanın çağırışlarına uyğunlaşma, rəqəmsal bacarıqların inkişafı və informasiya mədəniyyətinin formalaşması kimi müsbət meylləri əks etdirə bilər.

Digər tərəfdən, bu prosesin mənfi tərəfləri də mövcuddur. Əgər süni intellekt yalnız “tapşırığı tez bitirmək” və “məsuliyyətdən yayınmaq” məqsədilə istifadə olunursa, bu, düşünmə vərdişlərinin zəifləməsinə, elmi təfəkkürün formallığa çevrilməsinə və yaradıcılığın azalmasına gətirib çıxarır. Yəni süni intellekt tədrisdə vasitə olmalı, məqsəd deyil.“
Azərbaycan Universitetinin müəllimi Samir Hümbətov isə söyləyib ki, tələbələrin tapşırıqlar üçün süni intellektdən istifadə etməsi bir tərəfdən nisbətən müsbət faktor kimi görünür, lakin ümumilikdə bu, mənfi mənada ciddi fəsadlara da səbəb ola bilər: "Auditoriyada mühazirə oxuduqdan sonra seminar dərslərinə keçəndə görürük ki, tələbələrin böyük əksəriyyəti -yəni təxminən 95%-i süni intellektdən istifadə etməklə dərs öyrənməyə çalışır.
Lakin bu zaman onlara əsasən çox qısa hissələr, açar fikirlər təqdim olunur və bəzən həmin məlumatlarda da səhvlər olur. Bu isə təbii ki, tələbələri kitab oxumaq vərdişindən uzaqlaşdırır, elmi yeniliklər axtarmaqdan çəkindirir və onları daha səthi, lakonik düşünməyə yönəldir. Nəticədə, elmi bilikləri inkişaf etdirmək üçün insanın öz əməyindən istifadə imkanları azalır".

Onun sözlərinə görə, bütün bunlar tələbələr üçün gələcəkdə ciddi bir təhdid kimi qiymətləndirilə bilər: "Çünki fundamental elmi biliklərə malik olmayan bir tələbənin gələcək iş və ya akademik həyatında ciddi uğurlar qazanması o qədər də asan olmayacaq. Ona görə də hesab edirəm ki, bu istiqamətdə süni intellektdən istifadə ilə yanaşı, daha çox detallı və bilikli mənbələrdən- kitablar və digər elmi vəsaitlərdən yararlanmaq daha məqsədəuyğun olardı".
Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Şahbaz Musayev də bu barədə öz fikirlərini deyib: “Tapşırıq üçün tələbənin, əgər belə demək mümkündürsə, bizim klassik yol kimi hesab etdiyimiz — yəni müəllimin tövsiyəsi ilə müvafiq ədəbiyyatlardan istifadə etməsi ənənəsi əslində qorunmalıdır. Çünki bu, tələbənin mütaliəsinin genişlənməsinə yardımçı olmaqla yanaşı, həm də hər hansı bir sahə ilə bağlı mövcud tədqiqatlardan xəbərdar olmasına kömək edir.

Süni intellektə gəlincə, bu, artıq bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Tələbənin süni intellektin yardımından istifadəsinə mən ümumilikdə pis baxmıram. Amma burada bir məsələni unutmayaq: tələbə süni intellektin yardımından istifadə etməklə yanaşı, bütün hallarda problemə öz yaradıcı baxışını da göstərməlidir. Süni intellektin yardımından istifadə etməklə kifayətlənməməlidir.
Hər hansı bir sual və ya problem ətrafında süni intellekt vasitəsilə əldə etdiklərini öz yaradıcı münasibəti ilə tamamlamalıdır. Bəli, süni intellekt qaçılmazdır, artıq onun xidmətlərindən bütün dünyada istifadə olunur və biz də bundan yararlanmalıyıq. Ona görə də tələbənin süni intellektdən istifadə etməsi tamamilə təbii haldır.”
Psixoloq Aynur İskəndərova isə məsələyə daha çox sosial-psixoloji aspektdən yanaşır: “Ümumiyyətlə, son dövrlərdə Sİ-yə şagirdlər, tələbələr və müxtəlif sahələrdə çalışan mütəxəssislər tez-tez müraciət edir və ondan faydalanırlar. Təbii ki, bunun müsbət tərəfləri var. Həm şagirdlər, həm tələbələr, həm də mütəxəssislər üçün faydalı cəhətləri mövcuddur.

Amma mən istərdim ki, onun mənfi tərəflərinə diqqət edək. Tələbələr, təbii ki, tapşırıqların yerinə yetirilməsində bəzi məsələləri öyrənmək üçün ChatGPT-yə müraciət edirlər və o da öz imkanlarına uyğun olaraq müəyyən cavablar verir. Amma bilirik ki, nə olursa-olsun, Sİ proqramları bəzən tamamilə doğru və ya dolğun cavab verə bilmir".
Mütəxəssis əlavə edib ki, əvvəllər müəyyən axtarış platformalarından istifadə olunurdusa, indi Sİ-dən istifadə olunur: " Necə ki, əvvəlki dövrlərdə biz deyirdik: “İstifadənin həm mənfi, həm müsbət tərəfləri var,” — təbii ki, bu məsələdə də eyni hal müşahidə olunur. Yəni məsələ orasındadır ki, sən ondan necə istifadə edirsən. İndi isə daha rahat və əlçatan üsullardan yararlanırlar. Bəs bunun mənfi tərəfləri nələrdir?
Birincisi, tələbənin düşünmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır.
İkincisi, tədqiqatçılıq bacarığını zəiflədir.
Üçüncüsü, özünü aktuallaşdırma tələbatı arxa plana keçir.
Bu kimi mənfi tərəfləri mövcuddur. Hər bir tapşırığın öz məqsədi var — müəyyən tapşırıqlar tələbənin konkret keyfiyyətlərinin formalaşması üçün verilir. Lakin Sİ-dən hazır şəkildə istifadə edilməsi bu bilik və bacarıqların qazanılmasının qarşısını alır. Bu, müəyyən mənada yanlışdır. Düşünürəm ki, hər hansı bir yenilik ictimaiyyətə təqdim olunmazdan əvvəl cəmiyyət onu şəxsi keyfiyyətlərinə uyğun şəkildə qəbul edir və istifadə etməyə başlayır. Bu baxımdan, Sİ proqramlarından istifadə tətbiq edilməmişdən qabaq bir hazırlıq dövrü olmalıdır. Məsələn, onlardan necə istifadə etmək, hansı hallarda ehtiyac yaranacağı barədə maarifləndirmə aparılmalıdır.
Amma bu texnologiyanın cəmiyyətə rahat şəkildə təqdim olunması, insanların onu birbaşa istifadə etməsi, təbii ki, mənfi halların yaranmasına səbəb olur. Qısaca desək, süni intellekt tələbələri “təməlləşdirir”. İnsan özü axtarış etdikdə və məlumatı öz beyin süzgəcindən keçirdikdə öyrənir.
Əgər bizə verilən məlumatları birbaşa qəbul ediriksə, bu, sadəcə başqasının fikrini təkrar etmək deməkdir. Halbuki biz kitab oxuduqda, məqalələrlə tanış olduqda və axtarış apardıqda, əldə etdiyimiz məlumatlar üzərində düşünürük, onları analiz edirik. Lakin Sİ bütün bu bacarıqları tələbələrin əlindən alır".
Bakı Dövlət Universitetinin müəllimi Rüxsarə Məmmədova isə süni intellektin təhsildə istifadəsini normal və qəbuledilən hesab edir:

“Tələbələrin Sİ-dən istifadəsi normal və qəbulediləndir. Məncə, müasir texnologiyaların imkanlarından ən səmərəli və geniş istifadə olunası sahə təhsil və təlim prosesidir. Sİ tələbələrə demək olar ki, bütün elmi mənbələrə çıxış şansı verir, terminoloji dəstək göstərir, müxtəlif dillərdən sürətli tərcümə imkanı yaradır, təhlil etmək və müqayisə etmək bacarıqlarını genişləndirir. Bu, həm də dərs prosesini müasir və dinamik qurmağa kömək edir.”
Fatimə Eynullazadə
16:25 07.11.2025
Oxunuş sayı: 1581