ABŞ–Çin rəqabəti qısamüddətli perspektivdə bitməyəcək- Politoloq
 
                                            Cənubi Koreyanın Busan şəhərində Çinin Sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında 1 saat 40 dəqiqə davam edən danışıqlar başa çatıb. Görüşün detalları açıqlanmasa da, ekspertlər bu görüşü iki ölkə arasında mövcud gərgin münasibətlərin yumşaldılması istiqamətində mühüm addım kimi qiymətləndirirlər.
Seulla Vaşinqton arasındakı münasibətlərin perspektivi barədə Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli söyləyib ki, ABŞ və Çin münasibətləri bu gün qlobal geosiyasi nizamın əsas təyinedici faktorlarından birinə çevrilib: “Çin ABŞ-nin qlobal məkanda ən böyük rəqibidir. Vaxtilə ABŞ- nin əsas rəqibi keçmiş SSRİ idi. SSRİ dağıldıqdan sonra bu rolu qismən Rusiya üzərinə götürdü, lakin zaman keçdikcə məlum oldu ki, Rusiya ABŞ üçün real rəqib ola bilmir. Çin isə tam fərqli situasiyadadır – bu, iqtisadi və texnoloji baxımdan sürətlə inkişaf edən, nəhəng potensiala malik dövlətdir. Hazırda Çin qlobal miqyasda ABŞ-ın əsas rəqibinə çevrilib".

Politoloqun fikrincə, ABŞ-də Donald Tramp administrasiyası bu rəqabətdə üstün mövqeyə gəlmək üçün daha çox iqtisadi və ticari təzyiqlərə üstünlük verir: "ABŞ Çinlə birbaşa hərbi qarşıdurmaya getmək istəmir. Onun yerinə, iqtisadi mexanizmlər vasitəsilə Çini zəiflətməyə, onun dünya bazarlarındakı payını məhdudlaşdırmağa çalışır. Gömrük rüsumlarının artırılması, bəzi texnoloji şirkətlərə sanksiyalar, Çinin ABŞ və Avropa bazarlarından sıxışdırılması bu strategiyanın tərkib hissəsidir".
E.Xalidbəyli
qeyd edib ki, ABŞ–Çin
rəqabəti
qısamüddətli perspektivdə bitməyəcək:
“Bütün bunları nəzərə alsaq,
demək olar ki, bu rəqabət hələ uzun illər davam edəcək. Hər iki dövlətin
iqtisadi və siyasi potensialı uzunmüddətli qarşıdurmanı davam etdirməyə imkan
verir. Bu mübarizənin hansı tərəfin qələbəsiylə nəticələnəcəyini isə yalnız
zaman göstərəcək".
Fatimə Hacıəliyeva
12:15 31.10.2025
Oxunuş sayı: 2083
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        