İsveç Ukraynada “Gripen” qırıcılarının istehsalını başlatmağı planlaşdırır
İsveçin hərbi-sənaye konserni Saab Ukraynaya 100–150 ədəd JAS 39 Gripen E qırıcı təyyarəsinin satışı barədə razılaşma çərçivəsində bu təyyarələrin yığma istehsalını Ukraynada təşkil etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə konsernin icraçı direktoru Mikael Yohansson “Financial Times” nəşrinə məlumat verib.
“Hazırkı münaqişə şəraitində bunu həyata keçirmək asan deyil, lakin ən azı son yığma, sınaq və bəlkə də bəzi hissələrin istehsalı üçün imkanların Ukraynada yaradılması çox yaxşı olardı”, – deyə Yohansson qeyd edib.
Nəşrin yazdığına görə, Saab ilə Kiyev arasında razılaşmanın bağlanması şirkət üçün ciddi impuls olacaq. İndiyədək konsern ümumilikdə 100 belə qırıcı təyyarə istehsal edib: onların 60-ı İsveçin, 36-sı Braziliyanın, 4-ü isə Tailandın istifadəsinə verilib.
Yohanssonun sözlərinə görə, Ukraynaya 100–150 təyyarənin tədarükü üzrə müqavilənin icrası Saab şirkətinin istehsal gücünün demək olar ki, iki dəfə artırılmasını tələb edəcək.
O, həmçinin qeyd edib ki, gələcək sövdələşmənin maliyyələşdirilməsi əsas məsələlərdən biridir. Yohansson bildirib ki, müzakirə olunan variantlar arasında Avropada dondurulmuş Rusiya aktivlərinin istifadəsi də var. Lakin bu təklifə Belçika qarşı çıxır. Nəticə isə İsveç və digər Aİ ölkələri arasında siyasi səviyyədə əldə olunacaq razılaşmadan asılı olacaq.
Türkanə Məşədiyeva
13:05 27.10.2025
Oxunuş sayı: 1241