Gürcüstan “Euronest”in 12-ci plenar sessiyasında iştirakdan imtina edib
Gürcüstan parlamenti ölkənin nümayəndələrinin 28-30 oktyabr tarixlərində Ermənistanda keçiriləcək “Euronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Parlamentin Avrointeqrasiya komitəsinin sədri Levan Makaşvili açıq məktubla bu qərarı açıqlayıb. O bildirib ki, bəzi Avropa Parlamentinin deputatlarının düşmənçi ritorikası və Tbilisidə keçirilən etiraz aksiyalarına qoşulması qarşılıqlı hörmət prinsiplərinə ziddir və parlament diplomatiyasının çərçivələrini aşır.
Makaşvili həmçinin vurğulayıb ki, Avropa Parlamentinin bəzi üzvləri “Euronest”də verdikləri bəyanatlarla ölkədə ictimai iğtişaşlar, radikallaşma və zorakılığı təşviq edib, habelə qətnamə və hesabatlarda demokratik seçkilərlə ifadə olunmuş gürcü xalqının iradəsi nəzərə alınmayıb.
O qeyd edib ki, sessiyada bəzi şəxslərin “vətəndaş cəmiyyəti” adı altında dəvət olunması, lakin onların seçkiləri tanımaması, demokratik institutları zəiflətməsi və hakimiyyəti devirməyə cəhd göstərməsi, anti-demokratik davranışı təşviq edir və zorakı, radikal siyasi proqramları legitimləşdirir.
Günel Verdiyeva
12:57 27.10.2025
Oxunuş sayı: 1144