"Döyüş qabiliyyətli ordu” anlayışını “müdafiə qabiliyyətli ordu” ilə əvəz etməliyik - Paşinyan
“Biz bu gün ordumuzu çox sürətlə inkişaf etdiririk, eyni zamanda ordumuzun konsepsiyasını, yəni ordumuzun əsaslandığı ideoloji və struktur prinsipləri də inkişaf etdiririk”.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində “Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Nikol Paşinyan bildirib.
“Biz deyirik ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda hər hansı məsələni həll etmək kimi bir vəzifəsi yoxdur. Biz hətta çox vacib hesab edirik ki, gündəlik iş söhbətlərimizdə “döyüş qabiliyyətli ordu” anlayışını dəyişdirib “müdafiə qabiliyyətli ordu” kimi ifadə edək. Çünki “döyüş qabiliyyətli ordu” dedikdə, bu, həmin potensial döyüşün harada baş verəcəyini və ya baş verə biləcəyini göstərmir. Bizim üçün çox vacibdir ki, bu konteksti vurğulayaq: Ermənistan ordusu müdafiə qabiliyyətli olmalıdır, yəni Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qoruya biləcək vəziyyətdə olmalıdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu, beynəlxalq qanunlara əsasən, hər bir dövlətin vəzifəsidir: öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, o cümlədən mümkün xarici müdaxilələrdən qorumaq”, - deyə Paşinyan vurğulayıb.
12:14 27.10.2025
Oxunuş sayı: 1078