Papuaşvili: Ölkəmizi hər cür düşməndən qoruyacağıq
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, “doğru” və “təhrif edilmiş” arasında gedən mübarizədə ölkəni bütün görünən və görünməyən düşmənlərdən qoruyacaq, yalan, ədalətsizlik və zülmə qarşı mübarizə aparacaqlar. Xatırladaq ki, bu açıqlama parlament seçkilərindən bir il sonra, “Gürcü Arzusu” partiyasının dördüncü dəfə qələbə qazandığı seçkilərin ildönümündə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Papuaşvili qeyd edib ki, xalqın qarşısına sadə və anlaşıqlı dildə geosiyasi reallığı təqdim ediblər:
“Müharibə yox, sülh. 2,1 milyondan çox seçici səs verib və onların 54%-i açıq və qətiyyətli şəkildə sülhü seçdi. Bu seçim həm də ənənəvi dəyərlər, milli maraqlar, suverenlik, müstəqillik, iqtisadi inkişaf, ailə, mədəniyyət, din və gələcək nəsillər naminə idi".
O əlavə edib ki, Gürcüstan yalnız daxili, revanşist və dağıdıcı qüvvələrə deyil, həm də xarici, qlobalist qüvvələrə qarşı dayanıb: “Bu mübarizənin cəbhə xətti vətəndaşlarımızın üzərindən keçir. İnsanların düşüncələri, ideyaları, inamları və davranışları hədəfdədir. Buna görə də seçicilərimizə, həqiqi vətənpərvərlərə bir daha təşəkkür edirəm. Biz vəzifəmizdən dönməyəcəyik, ölkəmizi satmayacağıq və ondan üz çevirməyəcəyik".
Fatimə Məmmədova
22:03 26.10.2025
Oxunuş sayı: 1349