Fransa DİN Luvrda polis məntəqəsinin açılmasına qarşı çıxıb
Fransa Daxili İşlər Naziri Loran Nunez Luvr muzeyinin daxilində polis məntəqəsinin yaradılması təklifinə qarşı çıxıb. Nazir hesab edir ki, bu addım ötən həftə baş verən oğurluğun qarşısını almağa kömək etməzdi.
Bu barədə Crossmedia.az “La Tribune Dimanche” qəzetinə istinadən məlumat verir.
Bildirilib ki, Luvrun qarşısında küçədə polis patrulları xidmət aparır və bu ərazi Parisin ən çox mühafizə olunan yerlərindəndir. O bildirib ki, əgər Luvrda polis məntəqəsi açılsa,,bu, digər muzeylərdə də eyni addımı atmağımıza səbəb olacaq: “Hazırda polis bölməsi muzeyin yaxınlığındadır və siqnal verildikdən cəmi üç dəqiqə sonra hadisə yerinə çatıblar. Yeni məntəqə heç nəyi dəyişməzdi”.
Nazir həmçinin vurğulayıb ki, ötən həftə muzeydən oğurlanan zinət əşyalarının ölkə xaricinə çıxarılması təhlükəsi var.
Qeyd edək ki, “Le Figaro” qəzetinin məlumatına görə, Luvrda baş verən oğurluqla bağlı iki nəfər şübhəli şəxs saxlanılıb. Onlardan biri Parisdəki Ruassi–Şarl-de-Qoll hava limanında Əlcəzairə uçmaq istədiyi vaxt tutulub, digəri isə Sen-Sen-Deni departamentində aşkarlanıb. Bildirilir ki, o, Maliyə qaçmağı planlaşdırırmış. Lakin oğurlanan səkkiz zinət əşyası və iki digər şübhəli hələ tapılmayıb.
“Le Parisien” qəzetinin yazdığına görə, hər iki şübhəlinin yaşı təxminən 30-dur və onlar əvvəllər oğurluq halları ilə əlaqədar polis tərəfindən izləniblər. Onlara “cinayətkar qrup tərkibində oğurluq” və “cinayət törətmək məqsədilə cinayətkar birlikdə iştirak” maddələri üzrə ittiham irəli sürülüb. Onların həbs müddəti 48 saatdan 96 saata qədər uzadılıb.
Hadisə oktyabrın 19-da baş verib. Paris prokuroru Lor Beko bildirib ki, dörd nəfər cinayətkar muzeyin divarlarına gətirdikləri avtomatik qaldırıcı qurğu vasitəsilə Luvra daxil olaraq Apyollon Qalereyasındakı vitrini sındırıblar. Onlar ümumilikdə 9 zinət əşyası oğurlayıblar.
Gülbəniz Bayramova
17:16 26.10.2025
Oxunuş sayı: 1506