ABŞ Trampın rəhbərliyi ilə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
ABŞ prezidenti Donald Trampın administrasiyası, Moskva Ukraynaya qarşı müharibəni dayandırmaqda gecikməyə davam edərsə, Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır.
Crossmedia.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir ki, Vaşinqton Avropa müttəfiqlərinə dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün Amerika silahlarının alınmasında istifadə olunmasına dəstək verdiyini bildirib.
Bundan əlavə, ABŞ-də ölkə daxilində yerləşən Rusiya aktivlərinin Kiyevin hərbi səylərinə yönəldilməsi imkanları ilə bağlı daxili müzakirələr başlayıb.
Ağ Ev Avropa tərəfdaşlarından Moskvaya qarşı növbəti addımı gözləyir – bu, yeni sanksiyalar və ya əlavə tariflərin tətbiqi ola bilər.
Tramp çərşənbə günü elan edilmiş məhdudiyyətlərə Kreml tərəfindən veriləcək reaksiyanı qiymətləndirmək üçün bir neçə həftəlik fasilə götürə bilər. Xatırladaq ki, ABŞ-nin son sanksiyaları Rusiya neft nəhəngləri – “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı yönəldilmişdi.
Türkanə Məşədiyeva
16:54 25.10.2025
Oxunuş sayı: 1279