Qahirədə gizli qalmaq: HƏMAS üzvləri beşulduzlu oteldə yerləşdirilib
Girov mübadiləsi razılaşması çərçivəsində azad edilən 154 HƏMAS döyüşçüsü hazırda Misirin paytaxtı Qahirədəki beşulduzlu “Renaissance Cairo Mirage City” otelində qalır. Hadisə beynəlxalq mediada geniş rezonans doğurub, çünki döyüşçülərin lüks şəraitdə yerləşdirilməsi ictimaiyyətin diqqətini cəlb edib və humanitar, siyasi və təhlükəsizlik baxımından müxtəlif müzakirələrə səbəb olub.
Crossmedia.az saytı Daily Mail qəzetinə istinadən xəbər verir ki, həmin şəxslər xüsusi təhlükəsizlik tədbirləri altında otelə gətirilib və hazırda orada müvəqqəti yaşayışdadırlar.
Məlumatı təsdiqləmək üçün Daily Mail-in jurnalistləri müxbir qismində otelə daxil olaraq vəziyyəti yerində araşdırıblar. Onların müşahidələrinə görə, HƏMAS döyüşçüləri Qərb ölkələrindən gələn turistlərlə eyni məkanda qalır, lakin turistlər bu barədə məlumatsızdırlar.
Otelin rəhbərliyi və işçiləri məsələyə dair şərh verməkdən imtina ediblər. Lakin bron sistemlərində otelin otaqları hələ də açıq görünür, yəni “Booking” və digər platformalarda bu oteldə rezervasiya etmək mümkündür.
Azad edilən HƏMAS üzvləri Misirdə uzun müddət qalmaq niyyətində deyillər. Onların bir hissəsi artıq Türkiyə, Qətər və Tunisdə məskunlaşmaq üçün sənədlər hazırlayır, bu ölkələrdə viza və ya daimi yaşayış icazəsi almağa çalışırlar.
Türkanə Məşədiyeva
14:58 25.10.2025
Oxunuş sayı: 1213