Qırğızıstan Avropa İttifaqına narazılığını bildirib
Qırğızıstan Avropa İttifaqının(Aİ) ölkə banklarını yeni sanksiya siyahısına daxil etməsi ilə bağlı narazılığını ifadə edib və bu qərarın ədalətliliyinin yoxlanılması üçün müstəqil araşdırma aparılmasını tələb edib. Rəsmi Bişkek hesab edir ki, sanksiyalarla bağlı atılan addımlar birtərəfli xarakter daşıyır və obyektiv qiymətləndirilməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qurum Aİ-ni Qırğızıstan banklarının siyahıya salınmasının səbəblərini müəyyən etmək üçün müstəqil araşdırma aparmağa çağırıb. Nazirlik bununla məhdudiyyətlərin əsaslı olub-olmadığının sübuta yetirilməsini istəyir.
Bəyanatda qeyd olunub ki, Bişkek Brüsselin qərarından təəssüf ifadə edir və beynəlxalq öhdəliklərinə tam riayət etdiyini vurğulayır. Qırğızıstan tərəfi sanksiyalardan yayınmanın qarşısını almaq üçün Aİ ilə açıq dialoqu davam etdirməyə hazır olduğunu bildirib. Nazirlik, həmçinin, Aİ-nin Mərkəzi Asiya ilə tərəfdaşlığı gücləndirmək istəyini xatırladaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa sadiqliyini bəyan edib.
Türkan Kərimli
21:50 24.10.2025
Oxunuş sayı: 1140