Zelenskinin nümayəndəsi: Qərbdə Rusiyaya qarşı sanksiyalar üzərində iş kəskin şəkildə aktivləşib
Qərbdə Rusiyaya qarşı sanksiyalar üzərində iş kəskin şəkildə aktivləşib. ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, kifayət qədər ağır sanksiya paketi qəbul edib və artıq növbəti mərhələlər üzərində işləməyə başlayıblar.
Crossmedia.az UNIAN- a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasük “Suspilne” telekanalına müsahibəsində bildirib.
O bildirib ki, Aİ-nin 19-cu sanksiya paketinə “Lukoil” şirkəti daxil edilməyib, lakin bu paket çox ciddi hesab olunur.
Onun sözlərinə görə, “Lukoil” artıq Böyük Britaniya və ABŞ-ın sanksiya siyahısındadır, lakin hələlik Avropa İttifaqı tərəfindən bu şirkətə qarşı məhdudiyyətlər tətbiq edilməyib. “Bu məsələ 20-ci sanksiya paketinin gündəmində olacaq”, – deyə Vlasük qeyd edib.
O əlavə edib ki, 19-cu paketdə bəzi rus oliqarxları da yoxdur. Hərçənd Ukrayna onların da siyahıya salınmasını xahiş etmişdi.
Vlasükün sözlərinə görə, 19-cu sanksiya paketi aşağıdakı istiqamətləri əhatə edir:
117 neft tankeri ilə bağlı məhdudiyyətlər;
Bir neçə Çin neft emalı zavodu;
Rusiya ödəniş sistemləri və kriptovalyuta əməliyyatları ilə bağlı sanksiyalar;
Uşaqları qaçıran şəxslərə, rus banklarına, müdafiə-sənaye kompleksinə və Çin şirkətlərinə qarşı əlavə məhdudiyyətlər.
O bildirib ki, bu paket Aİ-nin indiyədək qəbul etdiyi ən güclü beş sanksiya paketi arasında yer alır.
Vlasük vurğulayıb ki, sanksiyalar mərhələli şəkildə qüvvəyə minəcək. Çünki bəzi iqtisadi əlaqələri dərhal kəsmək mümkün deyil.
Səlahiyyətli nümayəndə, həmçinin qeyd edib ki, Avropa ölkələrinin hamısı bu paketi dəstəkləyib, amma təəssüf ki, bu qərar sentyabrda deyil, oktyabrın sonunda qəbul olunub.
Gülbəniz Bayramova
23:27 23.10.2025
Oxunuş sayı: 1771