İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında strateji tərəfdaş rolunu gücləndirir - Deputat

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq münasibətləri son illərdə
daha da genişlənməkdədir və bu prosesdə İtaliyanın xüsusi rolu vardır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya hər zaman Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib və bu dəstək bu gün də
özünü göstərir. Son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması
strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq
sahələrində də təsdiqini tapdığını göstərir.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov
bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycanın
ticarət dövriyyəsinin təxminən 24%-ini təşkil edir: “Təbii ki, Azərbaycan öz
mavi qazını Avropaya əsasən İtaliya vasitəsilə nəql edir. Eyni zamanda, uzun
müddətdir ki, İtaliya ilə Azərbaycan arasında məhz xam neftin ixracı ilə bağlı əməkdaşlıq
formalaşıb və davam etdirilib”.
Vüqar Bayramov qeyd edib ki, İtaliya Avropa İttifaqında aparıcı ölkələrdən
biridir və bu kontekstdə İtaliya ilə münasibətlərin strateji əhəmiyyət daşıması,
sözsüz ki, Azərbaycan–Avropa İttifaqı münasibətlərinə də təsir göstərir: “Son
dövrlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yaxşılaşmasını müşahidə
edirik və bu, həm də İtaliya–Azərbaycan münasibətləri kontekstində vacibdir”.
O bildirib ki, İtaliya Avropa İttifaqının aparıcı ölkələrindən biri
olduğuna və iqtisadi gücünə görə ikinci ən böyük ölkə hesab edildiyinə görə, bu
münasibətlər təbii olaraq Azərbaycan–Avropa İttifaqı əlaqələrinə təsir göstərir:
“Artıq ölkələr arasında, eləcə də Avropa İttifaqı–Azərbaycan çərçivəsində fərqli
sektorlarda – o cümlədən yaşıl enerji, texnologiyaların cəlb edilməsi, həmçinin
kiçik və orta sahibkarların dəstəklənməsi sahələrində əməkdaşlığın güclənməsini
müşahidə edirik. Növbəti mərhələdə bu əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir”.
Mehriban Yariyeva
18:20 01.10.2025
Oxunuş sayı: 1303