"İsrail HƏMAS-ı silahsızlaşdıracaq və sonda Qəzzadan çıxaracaq" - POLİTOLOQ

Fələstin hərəkatı HƏMAS Qəzza sektorunda atəşkəsə dair sonuncu təklifi şərtsiz qəbul etməyə hazır olduğunu açıqlayıb. Qahirədə Qətər və Misir vasitəçiləri ilə aparılan danışıqlarda hərəkat rəhbərliyi əvvəlki tələblərindən – qoşunların tam çıxarılması, əlavə məhbus mübadiləsi və hərbi qanadın irəli sürdüyü şərtlərdən imtina etdiyini bildirib.
Yeni mövqeylə HƏMAS təşəbbüsü tamamilə İsrailin üzərinə ötürərək, anklavda davam edən münaqişənin həlli istiqamətində kritik addım atıldığını göstərib. Təklif 60 günlük atəşkəs, İsrail qüvvələrinin yenidən yerləşdirilməsi və Qəzzada saxlanılan 10 girovun azad olunmasını nəzərdə tutur.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ümumilikdə Qəzzada atəşkəsin əldə olunması real görünmür: “HƏMAS atəşkəsə razıdır, amma İsrail bunu istəmir. İsrail, ümumiyyətlə, Qəzzada HƏMAS-ın idarəçiliyini qəbul etmir və onların bölgədən çıxarılmasını tələb edir. İsrailin baş naziri Benyamin Netanyahunun yeni hərbi planı artıq təsdiqlənib və əsas məqsəd Qəzzanın HƏMAS-dan tamamilə təmizlənməsidir. Buna görə də HƏMAS-la hər hansı bir atəşkəs və ya siyasi dialoq bu günə qədər mümkün olmayıb. İsrailin əsas məqsədi Qəzzadan fələstinlilərin çıxarılmasıdır, lakin fələstinlilər bu prosesə razı olmurlar”.
Politoloq əlavə edib ki, ərəb ölkələri, xüsusilə Misirin vasitəçiliyi ilə HƏMAS-ın Qəzzadan çıxarılmasına nail olmağa çalışacaq: “Amma ideoloji bir təşkilatın buna razı olması çətin görünür. İsrail işğal yolu ilə hərbi vasitələrlə HƏMAS-a təzyiq göstərəcək, onu silahsızlaşdıracaq və sonda Qəzzadan çıxaracaq. ABŞ da bu istiqamətdə İsrailə hərbi-siyasi dəstək göstərir”.
Mehriban Yariyeva
16:40 18.08.2025
Oxunuş sayı: 816