Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır!

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.
Sazişin icrası üçün ilin sonuna qədər zaman olduğunu vurğulayan Şaara beynəlxalq aktorların Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb:
"Bununla bağlı optimistəm. Bu məsələ bir neçə ay ərzində öz həllini tapacaq. Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək. Hər kəsin hüquqları dövlətin qanunları və konstitusiyasına uyğun olaraq qorunacaq".
Cari ilin 10 mart tarixində mərkəzi Suriya hökuməti ilə "demokratik qüvvələr" adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları arasında anlaşma imzalanıb. Anlaşma ilə kürd icmasının Suriyanın ayrılmaz parçası olduğunu təsbit edilib.
Əhməd əş-Şaaranın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq Rufiz Hafizoğlu söyləyib ki, keçmiş prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada gündəmə gələn məsələlərdən biri ölkənin parçalanmasıdır: "Bunu bəzi qüvvələr olduqca şişirdilmiş halda gündəmə gətirir. Bəziləri də sanki heç bir təhlükə yoxmuş kimi açıqlamalar verir. Təbii ki, hər iki tərəfin müəyyən maraqları var. Amma Suriyanın parçalanması məsələsi təsəsüflər olsun ki, hələ də öz aktuallığını qoruyur. Biz Suriyanın cənubunda İsrailin dəstəyi ilə bəzi druz icmalarının muxtariyyət və İsrailə qoşulmaq kimi tələblərinin olduğuna şahidlik etdik. Bu problem öz həllini tapmır. Çünki cənubda hələ də druz riski var. Amma eyni zamanda Suriyanın şimalı, Türkiyənin cənubunda PKK-nın ad dəyişdirmiş dövlətinin olduğu bir bölgə var ki, bura ən təhlükəli bölgələrdəndir. Əhməd əl Şəara açıqlamasında qeyd edib ki, ölkənin suverenliyi, ərazi bütövlüyü müzakirə obyekti deyil. Düşünürəm ki, Suriya höküməti bunu tək başına edə bilməyəcək. Suriya ilə Türkiyə arasında hərbi müqavilə var. Türkiyə heç vaxt torpaqlarının cəubunda bir PKK dövlətinin olmasına icazə verməz. Yaxın zamanda Suriyanın şimalında Suriya və Türkiyə ordusu böyük əməliyyat keçirəcək”.
Ayhan
15:00 18.08.2025
Oxunuş sayı: 1206