Müharibə başlamazdan əvvəl özünə “Qisas 44” parolunu seçmişdi

Elə insanlar var ki, onların hekayəsi təkcə tarixə yazılmır — hər ürəyə əbədi həkk olunur. Vətən uğrunda şəhid olan qəhrəmanlarımız kimi… Onlar haqqında yazarkən qələmimiz deyil, səssizliyimiz danışır. O səssizlik ki, bir ana yuxusundan oyanarkən qəlbində hiss etdiyi soyuqluqdur, bir nişanlının barmağında yarım qalan üzükdür, bir xalqın bağrında sağalmayan yara izidir…
Belə igid qəhrəmanlarımızdan biri də 44 günlük Vətən Müharibəsində, noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olan mayor Vüsal Vəliyevdir.
1988-ci il iyulun 15-də Naxçıvanın Şərur rayonunun Dizə kəndində dünyaya göz açan Vüsal Vəliyev, körpəlikdən mərdliyin, sədaqətin və vətən sevgisinin ətrini duyaraq böyüyüb. 1994–2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002–2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2009-cu ildə leytenant kimi başladığı xidmətini ildən-ilə zirvələrə daşıyıb, mayor rütbəsinə qədər yüksəlib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlamış İkinci Qarabağ müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindəki döyüşlərdə və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, həmlə taborunun komandiri olub. Vüsal Vəliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub və 14 dekabr 2020-ci ildə Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Nişanlı idi… Amma o, toy günü üçün bəy paltarını deyil, şəhidlik köynəyini seçdi. Üzündə sevgi, sinəsində imanla döyüşə yollandı — öz həyatını Vətənin sabahına dəyişdi…
Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev Crossmedia.az-la onunla bağlı xatirələrini bölüşüb:
“Bu gün onun 37-ci doğum günüdür. Saat 11:00-da Şərur Şəhidlər Xiyabanında Vüsalın məzarı ziyarət olunub. Ziyarət zamanı onun xatirələri paylaşılıb, yaxınları və dostları Vüsal haqqında yadda qalan xatirələrini danışıb. Rəsmi tədbir çərçivəsində ata evində ehsan verilib. Vüsal 2020-ci il noyabrın 9-da Şuşada şəhid olub. Nişanlı idi, toyuna hazırlaşırdıq... Təəssüf ki, biz onun şəhid xəbərini aldıq. Atam bu itkini qəbul edə bilmədi və dünyasını dəyişdi. O, 19 il ön cəbhədə xidmət göstərib, gəncliyini səngərdə keçirib. Müharibənin son gününə qədər döyüşüb, onlarla öz əsgərini xilas edib. Düşmənin həm texnikasını, həm də canlı qüvvəsini məhv edib. Vüsal müharibə başlamazdan əvvəl özünə “Qisas 44” parolunu seçmişdi. Təsadüfən, həm qisas alındı, həm də müharibə 44 gün çəkdi. Bu günə qədər onun haqqında iki kitab çap olunub. “Səs” adlı roman səhnələşdirilərək İrəvan Dövlət Dram Teatrında nümayiş etdirilib. Öz kəndimizdə Vüsal bulağı şəhid mayor Vüsal Vəliyevin xatirəsinə inşa olunub. Bulaq bir abidə kompleksi kimi dəyərləndirilir. Əminəm ki, gələcəkdə onun haqqında daha çox kitab yazılacaq, filmlər çəkiləcək. Vüsalın adı ön cəbhədəki hərbi hissələrdən birindəki postlardan birinə verilib. Hal-hazırda həmin post onun adını daşıyır. Bugün yüzlərlə gənc Vüsalı özünə örnək götürür. Onun döyüş yolu və yaşam tərzi bir çoxlarına ilham verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!”
Nəzrin Salmanova
14:23 15.07.2025
Oxunuş sayı: 1066