“AzərEnerji” Energetiklər Günü ilə bağlı silsilə tədbirlər keçirib

“AzərEnerji” Energetiklər Günü ilə bağlı silsilə tədbirlər keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib.
Əvvəlcə Energetika Nazirliyi, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra Energetiklər Şəhidlər Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini anıblar.
Bayram tədbiri “AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində davam edib. Qeyd edək ki, artıq 21 ildir ki, 20 oktyabr tarixi “Energetiklər Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə təsis edilib. Tarixin məhz bu günə təsadüf etməsi təsadüfi deyil: 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib. Bu il həm də “AzərEnerji”nin yaranmasının 90 illiyi qeyd olunur.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “İşıqla yazılan tarix” adlı film nümayiş olunub.
Çıxış edən “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatələnən energetika sektorunda həyata keçirilən genişmiqyaslı işlər barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin balanslı şəkildə ənənəvi və “yaşıl enerji” mənbələrinə əsaslanan strategiyasına uyğun olaraq, son 20 ildə 5400 MVt gücündə yeni generasiya mənbələri yaradılıb. Təkcə son 5-6 ildə istifadəyə verilən yeni stansiyaların ümumi gücü 3000 MVt-dan artıqdır.
Son illərdə görülən tədbirlər nəticəsində 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün sərf olunan şərti yanacağın miqdarı 284 qramdan 240 qrama endirilib. Baba Rzayev qeyd edib ki, bununla 3,3 milyard kubmetr təbii qaza qənaət edilib və 6,4 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. “Bu gün Azərbaycan elektroenergetikası regionda bir çox inkişaf etmiş ölkələr üçün nümunə göstəriləcək səviyyəyə çatıb. Bu, Prezident İlham Əliyevin düşünülmüş və hərtərəfli hesablanmış enerji strategiyasının bariz nümunəsidir,” - deyə o vurğulayıb.
“Energetiklər Günü” ilə bağlı tədbirlər təkcə Bakıda deyil, regionlarda da keçirilib. “AzərEnerji” tərəfindən ölkənin ən böyük yarımstansiyası olan 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji Qovşağı” ərazisində ağacəkmə aksiyası təşkil olunub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Qarabağ Regional Elektrik Şəbəkəsi və “Energetiklər şəhəri” adlandırılan Mingəçevir də daxil olmaqla müxtəlif bölgələrdə bayram tədbirləri baş tutub.
15:14 20.10.2025
Oxunuş sayı: 900