İnsan nə istədiyini necə anlaya bilər? - Ən vacib addım özünü tanımaqdır

İllər keçdikcə insanların tələbləri, zərurətləri, ehtiyacları dəyişir. Bu bəzi hallarda dövrün tələblərinə uyğunlaşmaqdırsa, bir çox hallarda cəmiyyətə uyğunlaşmaq və cəmiyyətdə qəbul olunmaq çabasıdır. Bu çabanın kökündə dayanan narahatlıq, insanların cəmiyyətdə olan imici ilə bağlıdır. Məsələn, çıxan son model telefon üçün minlərlə insan sıraya durur. Görəsən doğrudanmı o minlərlə insanın tək ehtiyacı bu mobil telefondur? Yaxud həqiqətən istədikləri üçünmü ordadırlar? Yoxsa hamı alır deyə gediblər? Bu proses həyatın bir çox məqamında insanı kölgə kimi izləyir. Nə istədiyini bilməyən, öz içində özünü tapa bilməyən insan, sürü və kütlə psixologiyasının qurbanına çevrilir.
Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Crossmedia.az-a açıqlama verib:
"Müasir dövrdə insanların atdıqları bir çox addımlar, istər yeni telefon almaq, istərsə də tətil və ya avtomobilm seçimləri çox zaman şüurlu ehtiyacdan yox, sosial uyğunlaşma və qəbul edilmə ehtiyacından doğur. Bu isə bizi mühüm bir sual qarşısında qoyur: İnsan nə zaman özü kimi davranır və nə zaman sadəcə uyğunlaşır?
Cəmiyyətin formalaşdırdığı gözləntilər və kollektiv davranış nümunələri fərdləri bəzən öz daxili ehtiyaclarını dərk etmədən, sadəcə “gərək belə olsun” düşüncəsi ilə hərəkət etməyə sövq edir. Bir çox insan üçün “ən son model iPhone”, “dəbdə olan məkanda tətil”, yaxud “bahalı avtomobil” sadəcə bir ehtiyac deyil, sosial statusun göstəricisinə çevrilir. Bu isə psixologiyada “sosial müqayisə nəzəriyyəsi” ilə izah olunur. İnsanlar özlərini başqaları ilə müqayisə etdikcə, şəxsi istəklərlə deyil, başqalarının həyat tərzinə çatmaqla motivasiya olunurlar.
İnsan həqiqətən nə istədiyini necə anlaya bilər? Bunun üçün ilk və ən vacib addım özünü tanımadır. İnsan yalnız öz dəyərlərini, prioritetlərini və duyğularını dərk etdikdə, atdığı addımların motivini ayırd edə bilir. Bu proses bir neçə mərhələləri əhatə edir.
Əgər insan öz davranışını analiz etmədən sadəcə kollektivə uyğunlaşmaq üçün addımlar atırsa, burada avtomatik davranış və “şüursuz seçimlər”dən danışmaq olar. Lakin bu o demək deyil ki, hər kəs fərqində deyil. Sadəcə bir çox insan düşünmədən seçim etməyə vərdiş etmişdir".
Psixoloq problemin həlli yollarından danışıb.
"Bu problemi aradan qaldırmaq istəyən insan öncə şəxsi özünüdərk prosesinə başlamalıdır. Özünüdərk, insanın nə istədiyini və nəyə ehtiyacı olduğunu müəyyən etməsi üçün başlanğıc nöqtəsidir. Lakin bu proses bəzən tək başına kifayət etmir. Bəzi hallarda psixoloji dəstək, mentorluq, və ya təcrübi öyrənmə ilə tamamlanmalıdır. İnsanın öz davranışlarını obyektiv qiymətləndirməsi bəzən çətin ola bilər. Burada fərdi inkişaf, sosial dəstək və fərqliliklərin qəbul edilməsi mühüm rol oynayır.
Müasir insanın qarşısında duran əsas vəzifə – sosial gözləntilərlə fərdi istəklər arasında balans yaratmaqdır. Bu, yalnız dərin özünüdərk, dürüst refleksiya və sosial təsirlərin fərqində olmaqla mümkündür. Cəmiyyət içində yaşamaq bizi müəyyən çərçivəyə salır, lakin bu çərçivənin içində “özün olaraq qalmaq” – əsl müdriklik budur".
Ayhan
10:45 15.07.2025
Oxunuş sayı: 868