BDU-nu maksimum balla bitirən məzun: "Hər dəfə universitetə daxil olanda keçmişimlə bu günüm bir nöqtədə görüşür sanki"

Elm əslində yarışdır. Burada əsas məsələ təkcə oxumaq yox, mümkün qədər çox bilik əldə etməkdir.
Bakı Dövlət Universitetini (BDU) bu il bitirən Gülabə Məmmədzadə bu missiyanın öhdəsindən layiqincə, özü də ən yaxşı şəkildə gəldiyini desək, yanılmarıq. Belə ki, Gülabə təhsil aldığı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının İqtisasiyyatın hüquqi tənzimlənməsi ixtisaslaşmasının magist pilləsini maksimum balla, yəni yüz balla bitirib. O, BDU-da bunu bacaran yeganə tələbədir.
G. Məmmədzadə fərqlənən məzun kimi Crossmedia.az-a geniş müsahibə verib:
– Əvvəlcə oxucularımıza özünüz barəsində məlumat verin zəhmət olmasa.
- Mən Gülabə Məmmədzadə, Bakı Dövlət Universitetində magistr təhsilimi yeni başa vurmuşam. Təhsil həyatım boyunca çalışqanlıq və məsuliyyət mənim üçün hər zaman ön planda olub. Öyrənmək və daim irəliləmək istəyi bu yolun əsas motivasiyası olub.
– Maksimum balla məzun olmağınız, sizcə, daha çox nə ilə bağlıdır: daha çox çalışmaq, ya ixtisasınıza olan həvəs?
- Açığı, təkcə çox oxumaqla nəticə əldə etmək olmur. Məncə, bu uğur həm çalışmaqdan, həm də ixtisasıma qarşı duyduğum maraq və məsuliyyətdən qaynaqlanır. Mövzulardan, həqiqətən, zövq almağa başladığım anda öyrənmək daha asan və hətta xoş oldu. Bu da nəticəyə birbaşa təsir göstərdi.
– Əmək bazarında sizin ixtisasa tələb nə qədərdir? Tələbəlik həyatında olduğu kimi, peşəkar kadr kimi də fərqlənə bilərsiz?
- Əmək bazarında rəqabət var, amma eyni zamanda öz işinə məsuliyyətlə yanaşan insanlara həmişə ehtiyac duyulur. Çalışıram ki, yalnız diplomla yox, yanaşmamla, davranışımla və daimi öyrənmək həvəsimlə də fərqlənim. Tələbəlik dövründə necə çalışqan olmuşamsa, indi də o prinsiplə davam edirəm.
– Tələbəlik illərinizdə ən yaddaqalan hadisələr nələr olub? Bir neçəsini oxucularımızla bölüşərdiz.
- Ən çox yadıma düşən anlar dərslərdən sonra müəllimlərlə apardığımız söhbətlər və yaxın dostlarla auditoriyalarda saatlarla oturub gələcək planlarımız haqqında danışmağımızdır. Bəzən bir imtahandan sonra hamımızın eyni anda dərindən nəfəs alması da o qədər doğma bir xatirədir ki... Sadə, amma unudulmaz anlardır.
– Adətən mütəxəssislər deyirlər ki, istənilən ixtisasda nəzəriyyə və təcrübə vəhdətdə inkişaf etməlidir. Bəs siz necə düşünürsünüz? Tələbəlik həyatınızda buna imkan oldu?
- Tam razıyam. Nəzəriyyə vacibdir, amma onu tətbiq edə bilmədikcə kifayət etmir. Mən də dərslərdə öyrəndiklərimi real situasiyalarla əlaqələndirməyə çalışırdım. Bu, həm öyrənməni daha maraqlı edir, həm də mövzunun əsl mahiyyətini anlamağa kömək olur.
– Gələcəkdə BDU-nu necə xatırlayacaqsız?
- Düzü, BDU mənim yaddaşımdan silinəcək bir yer deyil. Həyatımın müxtəlif mərhələlərində BDU-nun mənim üçün fərqli yeri olub. İllər keçsə də, bu universitet mənim üçün sadəcə bir keçmiş deyil. Bu gün də həyatımda yeri var – tanış divarlar, tanış yollar, tanış üzlər. Hər dəfə universitetə daxil olanda keçmişimlə bu günüm bir nöqtədə görüşür sanki.
Kənan Novruzov
18:08 11.07.2025
Oxunuş sayı: 2487