“Yəni, Orta Dəhliz Çindən Avropaya malların ötürülməsi prosesidir. Hələlik bu proses Gürcüstan və Türkiyə üzərindən həyata keçirilir. Yəqin ki, tezliklə Zəngəzur Dəhlizi açılacaq və bu yüklər daha qısa müddətə Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə göndəriləcək.
Bu, Azərbaycan üzərindən kommunikasiyanın qurulması və yük dövriyyəsinin artmasına gətirib çıxaracaq ki, bu da Azərbaycanın dövlət büdcəsinə iqtisadi baxımdan çox ciddi dividend gətirəcək. Həmçinin, siyasi baxımdan Azərbaycanın dünyada əhəmiyyəti artacaq. Şimaldan, şərqdən və qərbə doğru üç istiqamətdə dəhliz nəzərdə tutulub: Şimal Dəhlizi, Cənub Dəhlizi və Orta Dəhliz”.
İqtisadçı əlavə olaraq qeyd edib ki, Şimal Dəhlizi Rusiya ərazisindən keçir və bu, Avropa üçün Rusiya faktoru səbəbilə səmərəli yol deyil: “Cənub Dəhlizi isə Hindistan, Kəşmir və İran üzərindən keçir. Ən azı İran Avropa üçün arzuolunmaz bir ölkə sayılır. Ona görə də bu yol da Avropa üçün sərfəli və səmərəli deyil. Beləliklə, yeganə real seçim Orta Dəhliz qalır.
Qeyd edim ki, Orta Dəhliz iqtisadi baxımdan da səmərəlidir. Yüklərin çatdırılması və onların xərcləri Şimal və Cənub Dəhlizləri ilə müqayisədə daha azdır. Şimal Dəhlizi ilə müqayisədə Cənub Dəhlizində 10% az xərc tələb olunur, Orta Dəhlizdə isə xərclər 25%-ə qədər azalır. Çatdırılma vaxtı isə 12 gündən 9 günə enir.Bu səbəbdən Orta Dəhliz həm siyasi, həm də iqtisadi baxımdan Avropa üçün səmərəli bir dəhlizdir”.
“Mərkəzi və Orta Asiyada Avropa İttifaqının layihələri var. Həmin layihələr çərçivəsində yüklərin həcmi artacaq və bu da Azərbaycan üzərindən həyata keçiriləcək. Azərbaycan üzərindən keçən yüklərin qısa müddətdə həcmi təxminən 5-6 dəfə artacaq. Hazırda ildə 5 milyon ton yük daşınırsa, bu rəqəm təxminən 30 milyon tona qədər yüksələcək. Yüklərə görə, sözsüz ki, tariflər də mövcuddur. Həmin tariflərdən də Azərbaycan büdcəsi gəlir əldə edəcək”,-deyə o,fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova