Paşinyanın xaricdəki erməni kilsə nümayəndələrini öz tərəfinə çəkməsi çətin olacaq - Rəy
Ermənistanda siyasi və dini qruplar arasında güc balansı son illərdə daha da gərginləşib. Baş nazir Nikol Paşinyan hökumət orqanlarında islahatlar həyata keçirməklə yanaşı, ölkənin ən köklü dini qurumlarından olan Erməni Apostol Kilsəsi ilə qarşıdurmaya girib.
Onun hədəfində isə kilsənin başında duran katalikos II Qaregindir. Paşinyan kilsə daxilində islahatların zəruriliyini əsas gətirərək, dini rəhbərliyin mövqeyini zəiflətməyə çalışır. Lakin bu proses təkcə siyasi yox, həm də ictimai və mənəvi müstəvidə ciddi müzakirələr doğurur.
Bu barədə Crossmedia.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Paşinyan qarşısına konkret məqsəd qoyub – bütün təsir gücünə malik qüvvələri, o cümlədən kilsəni neytrallaşdırmaq: “O, geri addım atmır və Ermənistan Kilsəsində hökmranlığı dəyişdirmək niyyətindədir. Lakin bu, asan proses deyil. Çünki kilsə ilə bağlı məsələ həm ictimai müqavimət, həm də prosedur baxımından mürəkkəbdir. Katalikosların seçilməsi və vəzifədən uzaqlaşdırılması xüsusi qaydalarla tənzimlənir.
Katalikos ömürlük seçilir və bu seçimdə həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən erməni kilsələrinin nümayəndələri iştirak edir. Onların ümumi sayı təxminən 300-400 nəfər olur və katalikos məhz bu böyük yığıncaqda seçilir.
Belə bir şəxsiyyətin vəzifədən uzaqlaşdırılması üçün ciddi hüquqi və mənəvi əsaslar tələb olunur. Paşinyan isə prosesi məhz bu nöqtədən başlayıb – o, katalikosun kilsə qanunlarını pozduğunu əsas gətirir. Xüsusilə də evlənməmək və mənəvi paklıqla bağlı maddənin pozulması məsələsini gündəmə gətirir. Halbuki bu, xristian dünyasında çox ciddi və həssas məsələdir. Əgər katalikos doğrudan da bu şərti pozubsa, onun vəzifədə qalmağa mənəvi haqqı qalmır”.
A.Nağının sözlərinə görə, hazırda Paşinyanın məqsədi katalikosu birbaşa uzaqlaşdırmaq yox, onu istefaya məcbur etməkdir:
“Yəni, katalikosun özü səhvini etiraf edib, könüllü şəkildə vəzifədən getməsini istəyir. Amma əgər II Qaregin istefa verməsə, o zaman məsələ açıq müzakirəyə çıxarıla və kilsə rəhbərləri iclas çağıraraq qərar qəbul edə bilərlər. Bu zaman Ermənistanda olan keşişlərin bir hissəsini səfərbər etmək mümkündür, lakin xaricdəki erməni kilsə nümayəndələrini Paşinyanın tərəfinə çəkmək daha çətin olacaq. Yeni seçiləcək kilsə rəhbərinin isə Paşinyan hakimiyyətinə daha yaxın, onun siyasi kursu ilə hesablaşan biri olması istisna edilmir.
Proses müəyyən vaxt tələb etsə də, ümumi mənzərə onu göstərir ki, Paşinyanın II Qaregini vəzifədən uzaqlaşdırmaq planı reallaşa bilər. Bu istiqamətdə ehtimallar və ümidlər kifayət qədər yüksəkdir”.
Türkanə Məşədiyeva
18:45 29.10.2025
Oxunuş sayı: 1646