Mirzoyanın döyülməsində təqsirləndirilən şəxsə hökm oxundu
İrəvan məhkəməsi 2020-ci ilin noyabr hadisələri ilə bağlı mühüm qərar qəbul edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə təqsirləndirilən Torqom Asatryan 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokuror əvvəlcə Asatryan üçün yeddi il həbs cəzası tələb etmişdi. O, artıq cəzasının bir hissəsini çəkib, çünki 2023-cü ilin fevralından etibarən həbsdədir. 2024-cü ilin may ayında eyni iş üzrə digər iştirakçı — Ara Badoyan da üç il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2020-ci il noyabrın 10-na keçən gecə, Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra baş verib. Həmin axşam İrəvanda parlament və hökumət binalarının qarşısında kütləvi iğtişaşlar başlamışdı. Qəzəbli etirazçılar parlament binasına soxulmuş, daha sonra Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində o vaxt Milli Məclisin spikeri vəzifəsini icra edən Ararat Mirzoyanın avtomobilinə hücum etmişdilər.
Siyasətçi maşından çıxarılaraq döyülüb, ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı.
Türkanə Məşədiyeva
18:07 29.10.2025
Oxunuş sayı: 1723