İsti dalğası yaxınlaşır: Necə qorunaq?

Dünyanı təsiri altına alan isti hava dalğaları milyonlarla insan üçün həyat şəraitini yalnız çətinləşdirməklə kifayətlənmir, həm də ətraf mühit və insan sağlamlığı baxımından ciddi təhlükə yaradır.
Crossmedia.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2019-cu ilin yayında yaşanan kəskin isti hava şəraiti, bəzi təxminlərə görə, dünya üzrə 356 min insanın ölümünə səbəb olub ki, bu da onu indiyə qədər qeydə alınan ən ölümcül təbii fəlakətlərdən birinə çevirir.
İstidə sərin qalmaq
İsti havada sərin qalmaq həyati əhəmiyyət daşıyır. Xoşbəxtlikdən temperatur kəskin artdıqda tətbiq edə biləcəyimiz bir sıra sadə tədbirlər mövcuddur.
Saat 11:00-dan 15:00-a qədər günəşə çıxmamaq, hava çox rütubətli deyilsə, bol miqdarda həm soyuq, həm də isti maye qəbul etmək ən çox bilinən tədbirlərdəndir.
İstidə müntəzəm şəkildə maye qəbul etməsək, bədənimiz susuz qalmaya başlayır. Yüngül susuzluq (dehidrasiya) belə dərhal yorğunluq və halsızlığa səbəb olur. Bədənimiz suyu qorumaq üçün tər ifrazını dayandırır və bu zaman bədən temperaturu yüksəlməyə başlayır.
Alkoqollu içkiləri məhdudlaşdırmaq, çiyələk, qarpız, yemiş, xiyar kimi su tərkibi yüksək qidalar qəbul etmək faydalıdır. Acılı yeməklər də tər ifrazını artıraraq bədəni sərinlədə bilər.
1980-ci illərdə Bədəvi tayfaları üzərində aparılan bir araşdırmaya görə, geyimlərin tünd və ya açıq rəngdə olması istidən qorunmada ciddi fərq yaratmır. Amma bədəni sıxmayan, rahat paltarlar geyinmək dərinin ətrafında hava dövranını təmin edərək rahatlıq yarada bilər.
Pəncərələri açmazdan əvvəl bir daha düşünmək faydalı ola bilər – xüsusilə də bayırdakı hava daxildəkindən daha istidirsə. Günəş düşən otaqlarda pərdələri bağlamaq da temperaturun aşağı qalmasına kömək edir.
Bədəni sərinləşdirməyin ən asan yollarından biri suyun buxarlanması ilə yaranan sərinlikdən faydalanmaqdır. Duş almaq və ya üzmək bədəni sürətlə sərinləşdirə bilər.
Su saxlamaq üçün gil küplərdən istifadə etmək və açıq pəncərələrin qarşısına isladılmış çarşaf asmaq keçmişdə insanların təcrübə yolu ilə tapdığı faydalı üsullardandır. Oxşar effekti içi buzla dolu bir qabı və ya yaş dəsmalı ventilyatorun qarşısına qoyaraq da əldə etmək mümkündür.
Amma ventilyatorların nə dərəcədə təsirli olduğu hələ də müzakirə mövzusudur və bu barədə ətraflı və dəqiq elmi araşdırmalar yoxdur. Qanadlı soyuducuların adətən 35°C-yə qədər olan temperaturda faydalı olduğu düşünülür. Amma istilik bu səviyyədən yuxarı qalxdıqda ventilyatorun üstünüzə isti hava üfürməsi su itkisinin artmasına və bədənin daha da qızmasına səbəb ola bilər. Bundan başqa, bu cihazlar enerji ilə işlədiklərindən özləri də istilik yaradır. Buna görə də ventilyator işlədilərkən hava axını təmin etmək üçün pəncərəni açıq saxlamaq tövsiyə olunur.
Uzunmüddətli həll isə evləri və binaları yüksək temperaturda daha sərin qala biləcək şəkildə inşa etməkdir. Hava axınını təmin edən qurğular, yaşıl dam örtükləri və təbii kölgəliklər bu tədbirlərə daxildir.
Bir şəhəri sərin tutmaqda ağacların rolu çox böyükdür. Tək bir ağac belə yaxın ərazidə hiss ediləcək istilik fərqi yarada bilər.
Bu arada, Tokio kimi bəzi şəhərlərdə bütöv yaşayış sahələrini sərin tutmaq üçün günəşi əks etdirən boyalardan, az enerji sərf edən kondisionerlərdən və digər təcrübəvi metodlardan istifadə edilir.
İstidə yatmaq
İstilik məməlilərin yuxu dövrünə güclü təsir göstərən faktordur. Yuxu saatımız yaxınlaşdıqda bədən temperaturumuz enir, ürək döyüntülərimiz yavaşlayır. Bu dəyişiklikləri yuxu gəlməsi hissi kimi qəbul edirik.
Amma isti və rütubətli gecələrdə bədənin temperaturunu azaltması çətinləşir. Bu da yuxuya getməyi çətinləşdirir və yuxunun keyfiyyətini aşağı salaraq ertəsi gün yorğun qalmağa səbəb olur.
Yuxu üçün ideal otaq temperaturunun 19-21°C olduğu deyilir. Bəzi araşdırmalar isə dərimizin ətrafındakı temperaturun 31-35°C arasında olması gərəkdiyini göstərir. İstədiyimiz yuxu şəraitini yaratmaq üçün istifadə etdiyimiz döşək, çarşaf, yorğan və pijama bu baxımdan əhəmiyyət daşıyır.
Temperatur yüksəlməyə başlayanda ilk instinktimiz üstümüzdəki örtüyü ataraq dərimizi sərinlətməyə çalışmaq olur.
Amma araşdırmalar bunun düşündüyümüz qədər faydalı olmadığını göstərir. Çünki bu zaman bədənimizin ətraf temperaturu üzərindəki nəzarət vasitəsi ortadan qalxır. Bunun əvəzinə daha incə bir örtükdən istifadə etmək daha sağlam yuxu üçün daha yaxşı seçim ola bilər.
Bundan da yaxşısı, yüngül işləyən bir ventilyatorla hava dövranını artırmaq və ya ətraf sakitdirsə pəncərəni aralamaqdır.
Yuxu keyfiyyətini artırmaq üçün gec saatlarda yemək yeməyi buraxmaq da faydalıdır, çünki yemək bədən temperaturunu artıraraq yuxunu poza bilər.
İsti hava sağlamlığa necə təsir edir?
İnsan bədəninin ideal temperaturu 35-37°C arasındadır. Bir çox mütəxəssis bu ortalamanı 36,8°C olaraq göstərir.
Bədən temperaturu çox yüksəldikdə və ya temperaturu tənzimləyə bilmədikdə “isti yorğunluğu” adlanan hal baş verir. Bu vəziyyət qəfil və ya tədricən meydana çıxa bilər. Halsızlıq, həddindən artıq tərləmə, soyuq və yaş dəri, qıcolmalar və ürəkbulanma kimi əlamətlər ortaya çıxa bilər.
Bunun daha təhlükəli forması isə günvurmadır. Huşsuzluq, çaşqınlıq, yüksək temperatur və titrəmə ilə müşahidə olunan bu vəziyyət, bədənin artıq istiyə qarşı müqavimət göstərə bilmədiyini və tibbi müdaxilə lazım olduğunu göstərir.
İsti hava dalğaları baş ağrısı və susuzluqdan tutmuş, ürək tutması və nəfəs darlığı kimi ölümcül vəziyyətlərə qədər bir çox sağlamlıq probleminə səbəb ola bilər.
Belə dövrlərdə bədən temperaturunu tənzimləməkdə çətinlik çəkən yaşlılar və xroniki xəstəliyi olan şəxslər xüsusilə diqqətli olmalıdırlar.
Dünya üzrə əhalinin yarısının və təxminən bir milyard işçinin ilin müəyyən dövrlərində zərərli dərəcədə yüksək temperaturlara məruz qaldığı ehtimal olunur.
Temperatur tədricən artdığı üçün sağlamlığımıza təsir etdiyini başa düşdüyümüz zaman artıq çox gec ola bilər. Buna görə də əvvəlcədən verilən xəbərdarlıqlar tədbir görmək baxımından olduqca faydalıdır.
İsti hava dalğaları bərabərsizliyi artırırmı?
İqlim dəyişikliyi hər kəsə eyni şəkildə təsir etmir. Ən kasıb təbəqələr bu təsirləri daha ağır şəkildə hiss edir.
İqlim böhranına səbəb olan karbon emissiyalarına ən az töhfə verən Afrika ölkələri, temperatur artımının nəticələrini quraqlıqlar və isti hava dalğaları ilə ən sərt şəkildə yaşayır.
Afrikada baş verən istilərin yaratdığı problemlər Qərb ölkələrindəki istilər qədər xəbərlərdə yer almır və Afrikadan yüksələn səslər beynəlxalq iqlim sammitlərində daha az eşidilir.
Günəş altında sağlam qalmaq üçün nə etmək olar?
İsti havalarda çölə çıxanların günəşdən qoruyan krem, papaq və ultrabənövşəyi şüaları əngəlləyən eynək taxması həyati əhəmiyyət daşıyır.
Xüsusilə də dərisi çox nazik və həssas olan körpələrin qorunması şərtdir. Avstraliyalı mütəxəssislərə görə, altı aylığa qədər olan körpələrə günəşdən qoruyucu krem çəkilməməli və bir yaşından kiçik uşaqlar birbaşa günəş şüalarına məruz qalmamalıdır.
Körpələrin kölgədə, rahat və yüngül geyimlərdə havadar yerlərdə saxlanılması və yumşaq papaqlardan istifadə edilməsi tövsiyə olunur.
Heç vaxt edilməməli olan bir şey isə isti havalarda uşaqları və körpələri avtomobildə tək buraxmaqdır.
İsti avtomobilin təhlükələri
Avtomobilin içindəki hava cəmi 10 dəqiqə ərzində 11 dərəcə arta bilər.
Uşaqların bədən temperaturunun böyüklərlə müqayisədə 5 dəfə daha sürətlə yüksəldiyini nəzərə alsaq, onların niyə avtomobildə buraxılmaması lazım olduğu aydın olur.
Təkcə ABŞ-da son 25 ildə 900-dən çox uşaq isti havalarda avtomobildə tək buraxıldıqları üçün həyatını itirib.
Eyni təhlükə, başda itlər olmaqla ev heyvanları üçün də keçərlidir.
İsti günlərdə ev heyvanları kölgədə, içəridə saxlanmalı, çölə çıxarılmamalıdır; çünki həm asfaltın istisi pəncələrini yandırma riski yaradır, həm də onlar insanların tərləmə qabiliyyətinə sahib olmadıqları üçün bədən temperaturunu daha gec salırlar.
İsti havaların yaratdığı ölümlərin dəqiq hesablanmasında ciddi fərqliliklər ola bilər, lakin bu fəlakətlə getdikcə daha çox insanın qarşılaşdığı və insan fəaliyyətinin sürətləndirdiyi iqlim dəyişikliyi səbəbindən yaxın gələcəkdə də bu halların çox yaşanacağına heç bir şübhə yoxdur.
Pərvin Hacıyeva
16:05 06.07.2025
Oxunuş sayı: 721