Polkovnik açıqladı: Azərbaycanın sülhməramlı fəaliyyətinin davam etdirilməsi ilə bağlı yeni çağırışlar müzakirə olunur

Müasir beynəlxalq təhlükəsizlik mühitində sülh və sabitliyin qorunması yalnız diplomatik bəyanatlarla deyil, praktik addımlar və qlobal məsuliyyət hissi ilə ölçülür. Azərbaycanın NATO-nun sülhməramlı missiyalarında iştirakı da məhz bu öhdəliyin bariz nümunəsidir. Ölkəmiz qlobal təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaş kimi formalaşıb və illərdir davam edən fəaliyyətində həm peşəkarlığı, həm də dövlətçilik maraqlarına sadiqliyi ilə fərqlənib.
Azərbaycan hərbçilərinin Əfqanıstan da daxil olmaqla bir sıra beynəlxalq missiyalarda göstərdikləri xidmət təkcə sülhün təmin olunmasına töhfə deyil, həm də dövlətimizin hərbi-diplomatik nüfuzunun güclənməsidir. Bu iştirak Azərbaycanın həm regionda, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan dövləti NATO-nun sülhməramlı missiyaları çərçivəsində həyata keçirilən proqramlarda daim aktiv iştirak edib. Bu missiyaların ən uzunmüddətlisi isə məhz Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakı olub. Qardaş Türkiyənin briqadasının tərkibində Azərbaycan Ordusunun taqımı ilkin mərhələdə 25 nəfərlə fəaliyyətdə olub. Sonradan NATO rəhbərliyinin rəsmi müraciətləri əsasında Azərbaycan heyətinin sayı ildən-ilə artırılıb. Bu, Azərbaycan hərbçilərinin göstərdiyi yüksək peşəkarlıq, nümunəvi xidmət və nizam-intizamın nəticəsi idi. NATO nümayəndələri dəfələrlə həm iştirakçı hərbçilərə, həm də Azərbaycan dövlətinə təşəkkür və minnətdarlıqlarını çatdırıblar. Azərbaycan sülhməramlı heyəti barəsində NATO tərəfindən xüsusi tədris filmi də hazırlanıb. Həmin film NATO-ya üzv ölkələrin ali hərbi məktəblərində və akademiyalarda dərs vəsaiti kimi istifadə olunur. Bu, Azərbaycan hərbçilərinin peşəkarlığının, intizamının və missiyanı nümunəvi şəkildə yerinə yetirməsinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Azərbaycanın sülhməramlı heyəti təkcə Əfqanıstanda deyil, iştirak etdiyi bütün digər missiyalarda da nümunəvi xidmət göstərib və həmişə yüksək qiymətləndirilib. Ölkəmizdə bu məqsədlə xüsusi sülhməramlı qüvvələr mövcuddur və onlar daimi hazırlıq vəziyyətində saxlanılır. Hər il NATO nümayəndələri Azərbaycana gələrək birgə təlimlər keçirir, sınaqlar aparır və hər dəfə Azərbaycan hərbçiləri yüksək nəticələr göstərirlər".
Ekspert həmçinin bildirib:
"Bundan əlavə, bu şəxsi heyətin mühüm üstünlüklərindən biri də Vətən müharibəsində əldə etdiyi real döyüş təcrübəsidir. Onlar Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında bilavasitə iştirak ediblər və həmin heyətin sıralarından şəhidlik zirvəsinə ucalan igidlərimiz var. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu gün Azərbaycanın sülhməramlı kontingenti digər ölkələrin heyətlərindən fərqli olaraq həm beynəlxalq missiya təcrübəsinə, həm də real müharibə təcrübəsinə malikdir. ABŞ-ın Mərkəzi Komandanlığı və NATO-nun aparıcı strukturları məhz buna görə Azərbaycana xüsusi təşəkkürlərini bildirirlər. Hazırda Azərbaycanın sülhməramlı fəaliyyətinin davam etdirilməsi ilə bağlı yeni çağırışlar və potensial dəvətlər müzakirə olunur və yaxın dövrdə ölkəmizin yenidən bu missiyalarda təmsil olunması gözlənilir".
Ayhan
21:15 20.10.2025
Oxunuş sayı: 1796