Azərbaycan iqtisadi və enerji resurslarını heç vaxt siyasi və ya hərbi təzyiq vasitəsinə çevirməyib - Rəy

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 20-də 366 milyon 941 min 291 kVt/saat həcmində sifariş alıb.
Bu barədə TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 1,93 % çoxdur.
Kipoi çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə 8,04 % azdır. Oktyabrın 15-də və 16-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 8,05 % isə azdır. Oktyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 %, oktyabrın 18-də və 19-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 9,79 % isə azdır.
Sözegedən tendensiya fonunda Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, bu, bir tərəfdən hazırda dünyada baş verən siyasi, hərbi və iqtisadi böhranlar, konfliktlər fonunda Avropanın artan enerji tələbatını əks etdirir: ‘’Digər tərəfdən isə Azərbaycanın fərqli və məsuliyyətli siyasət yeritməsinin göstəricisidir. Azərbaycan torpaqlarının işğalı dövründə, 30 il ərzində ən çətin şəraitdə belə iqtisadi və enerji resurslarını heç vaxt siyasi və ya hərbi təzyiq vasitəsinə çevirmədi. Bu, Azərbaycanın beynəlxalq hüquqa sadiq, iqtisadi əməkdaşlığa önəm verən bir dövlət olduğunu sübut edir. Mövcud şərait və artan enerji tələbatı göstərir ki, yaxın gələcəkdə TANAP vasitəsilə daha çox qazın nəqlinə ehtiyac yaranacaq. Azərbaycan isə bu prosesin texniki və əməli tərəflərini təmin etməklə, etibarlı və fəal tərəfdaş kimi bu əməkdaşlığa hər zaman hazırdır’’.
Sevinc Yarməmmədova
19:16 20.10.2025
Oxunuş sayı: 2901