Netanyahu Xamneyiyə sui-qəsd təhdidini yenilədi: “Orduma tapşırdım”

İsrail baş naziri Benyamin Netanyahu İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd təhdidini bir daha dilə gətirib. O bildirib ki, ordusuna “İranda heç kimin toxunulmazlığının olmadığı” barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə İsrail dövlət televiziyası KAN-a verdiyi açıqlamada deyib. Müdafiə naziri Yisrael Katsın Xameneiyə sui-qəsd təhdidi ilə bağlı sualı cavablandıraraq deyib: “Orduma İranda heç kimin toxunulmazlığı olmadığı barədə göstəriş vermişəm. Bundan artıq danışmağa ehtiyac yoxdur – qoy hadisələr danışsın”.
Netanyahu, İranın nüvə proqramına qarşı mümkün hücumlarla bağlı isə İsrailin “İrandakı bütün nüvə obyektlərini vurmaq imkanına malik olduğunu” iddia edib.
Lakin o, İsrailin məqsədinin İran rejimini devirmək olmadığını, rejimin sarsılmasının sadəcə bir nəticə ola biləcəyini, lakin bunun İran xalqının verəcəyi qərar olduğunu bildirib.
Netanyahu ABŞ-dən İranı vurmaq üçün “yaşıl işıq” gözləmədiklərini desə də, ABŞ-nin, xüsusilə Donald Tramp administrasiyasının göstərdiyi hərbi dəstəyi yüksək qiymətləndirib:
“Bizə müdafiədə mükəmməl dəstək verirlər. ABŞ pilotları İranın pilotsuz uçuş aparatlarını vurur. Həmçinin ABŞ bizə THAAD ballistik raket əleyhinə hava hücumundan müdafiə sistemi ilə də kömək edir”.
İsraillə İran arasında gərginlik “Yüksələn Aslan” əməliyyatı və ona cavab olaraq İranın həyata keçirdiyi raket hücumları ilə daha da alovlanıb. Regionda müharibə səkkizinci gününə daxil olub.
Mədinə Cəlilova
09:20 20.06.2025
Oxunuş sayı: 934