Çeçenistan rəhbəri İranı dəstəklədi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İsraillə İran arasında gərginliyin artması fonunda Tehranın atdığı addımları dəstəklədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında yayımladığı açıqlamasında bildirib.
O, İran ordusunun reaksiyasını “taktiki cəhətdən düzgün” adlandırıb və İsraili Yaxın Şərqdə yeni qaynar nöqtə yaratmaq niyyətində olmaqda ittiham edib.
Çeçenistan liderinin sözlərinə görə, İran dinc məqsədli nüvə proqramı üzərində işləyir və beynəlxalq yoxlamalardan imtina etmir. Buna baxmayaraq, Qərb dövlətləri və İsrail illərdir Tehranın nüvə silahı hazırladığına dair bəyanatlar səsləndirməklə, mümkün hərbi müdaxilələr üçün zəmin hazırlayırlar.
Kadırov Qərbin İranla bağlı mövqeyini əvvəllər İraqa qarşı aparılan siyasətlə müqayisə edərək qeyd edib ki, oxşar arqumentlər vaxtilə kütləvi qırğın silahlarına malik olmaq iddiası ilə İraqın işğalına və nəticədə ölkənin məhvinə, mülki əhalinin kütləvi itkilərinə gətirib çıxarıb.
“İranın cavabı hərbi baxımdan haqlı və məntiqlidir”, – deyə Kadırov əlavə edib.
22:42 19.06.2025
Oxunuş sayı: 955