İsveç NATO-ya uyğunlaşmaq üçün maliyyə strategiyasını dəyişir

İsveç hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək və NATO-nun maliyyə tələblərinə uyğunlaşmaq məqsədilə 31 milyard dollar borc almağa qərar verib.
Crossmedia.az xəbər verir ki, bu addım İsveçin 2032-ci ilə qədər müdafiəyə ÜDM-in 3,5%-ni ayırmaq hədəfi çərçivəsində atılıb. Hazırda İsveç bu göstəricini artıq 2,4%-ə çatdırıb. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2020-ci ildə iki dəfə az idi.
Hökumətin əsas prioritetləri sırasına silahlı qüvvələrin ölçüsünün və imkanlarının genişləndirilməsi, hava hücumundan müdafiənin gücləndirilməsi və sursat ehtiyatlarının artırılması daxildir.
Maliyyə Nazirliyinin açıqlamasına görə, hazırda ölkənin milli borcu ÜDM-in 32%-i səviyyəsindədir. Bu isə Avropa İttifaqı ölkələri üzrə ortalama 90%-lik göstəricidən xeyli aşağıdır. Yeni borclanma nəticəsində milli borcun ÜDM-dəki payının təxminən 3% artacağı gözlənilir.
Hökumət bu məqsədlə sərt fiskal qaydaları müvəqqəti olaraq dayandırmağı planlaşdırır. Lakin rəsmi Stokholm dövlət maliyyəsinin 2035-ci ilə qədər balanslaşdırılacağını vəd edir. Bu isə o deməkdir ki, gələcəkdə vergi artımları və ya digər sahələr üzrə büdcə ixtisarları qaçılmaz ola bilər.
Qeyd edək ki, İsveç bu ilin əvvəlində NATO-ya tamhüquqlu üzv kimi qəbul olunub və Alyans qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə müdafiə strategiyasını yenidən formalaşdırır.
18:13 19.06.2025
Oxunuş sayı: 726