Britaniya Baş naziri məşhur prezidenti tanımadı -VİDEO

Böyük Britaniyanın Baş naziri Kir Starmer G7 sammitində maraqlı anlar yaşayıb. O, Cənubi Koreyanın yeni seçilmiş prezidentini tərcüməçi ilə qarışdırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, "The Daily Mail"-in yaydığı görüntülərdə Starmerin əvvəlcə tərcüməçi ilə əl sıxdığı, sonra isə bir qadının ona yaxınlaşaraq əsl prezidentə işarə etdiyi əks olunub. Yöndəmsiz vəziyyət tərəflərin rəsmi görüş üçün bir araya gəldiyi an yaşanıb. Starmer prezident Li Çje Myonq əvəzinə tərcüməçi ilə salamlaşıb və sonradan şəkil çəkdirmə zamanı harada dayanacağını bilməyib.
Qeyd edək ki, cəmi iki həftə əvvəl keçirilən növbədənkənar seçkilərdə müxalifətdəki “Toburo” Demokrat Partiyasının lideri Li Çje Myonq Cənubi Koreyanın yeni prezidenti seçilib. O, hərbi vəziyyətin tətbiqinə qarşı çıxan və parlamentdə mübarizə aparan əsas fiqurlardan biri olub.
Xatırladaq ki, ölkənin əvvəlki prezidenti Yun Seok-yol ötən ilin dekabrında hərbi vəziyyət elan etməyə çalışsa da, bu təşəbbüs uğursuz olmuş, nəticədə impiçmentə məruz qalaraq həbs edilmişdi.
Zəhra Ağayeva
13:40 19.06.2025
Oxunuş sayı: 628