FED faiz dərəcələrini dəyişmədi – İlin sonuna qədər iki endirim gözlənilir

ABŞ Federal Ehtiyat Sistemi (FED) iyunun 18-də keçirilən iclasında siyasət faizini sabit saxlayıb. Qurum ilin sonuna qədər iki faiz endiriminin mümkünlüyünü gündəmdə saxlayır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, FED ABŞ iqtisadiyyatının “möhkəm templə” böyüməyə davam etdiyini vurğulayıb. Bununla belə, yeni rüblük proqnozlara əsasən, ilin sonuna qədər iqtisadi artımın yavaşlayacağı, inflyasiyanın 3 faizə, işsizliyin isə 4,2 faizdən 4,5 faizə yüksələcəyi gözlənilir.
FED sədri Cerom Pauell qeyd edib ki, tariflərin iqtisadiyyata təsiri hələ də qeyri-müəyyəndir və buna görə də faiz siyasətində ehtiyatlı yanaşmanı davam etdirirlər. Pauell bildirib: “Hazırkı güclü iqtisadiyyat bizə səbirli olmağa imkan verir. Gözləmək və vəziyyəti daha dəqiq qiymətləndirmək bizim üçün faydalıdır.”
Donald Tramp isə FED-in dərəcələri azaltmamasını kəskin tənqid edərək Pauelli “siyasi davranmaqda” və “axmaqlıqda” ittiham edib. O, inflyasiya aşağı düşdüyü üçün dərəcələrin endirilməsinin zəruri olduğunu düşünür.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı, Kanada Bankı və İngiltərə Bankı bu il faiz dərəcələrini azaldıblar. ABŞ isə daha ehtiyatlı siyasət yürüdür. Yaponiya Bankı da bu həftə faiz dərəcəsini dəyişməyərək 0,5% səviyyəsində saxlayıb.
Zəhra Ağayeva
13:06 19.06.2025
Oxunuş sayı: 717