Sudanda baş verən vətəndaş müharibəsi haqqında sarsıdıcı sənədli film çəkildi

AnewZ televiziya kanalı “Cəbhədə: Sudanda Yaşamaq Uğrunda Mübarizə” adlı yeni sənədli filmini təqdim edib.
Crossmedia.az AnewZ TV-yə istinadla bildirir ki, film 2023-cü ilin aprelindən davam edən və müasir dövrün ən ağır humanitar böhranlarından biri sayılan Sudan müharibəsindən bəhs edir.
Sənədli filmin müəllifləri artıq iki ildən çoxdur davam edən silahlı münaqişənin real mənzərəsini təqdim edir. Münaqişə Sudan ordusu ilə “Sürətli Reaksiya Qüvvələri” (RSF) adlı yarımhərbi qruplar arasında baş verib. RSF-in başında isə Məhəmməd Həmdan Dağalo (ləqəbi Həmeti) durur. Filmdə vurğulanır ki, müharibə 15 aprel 2023-cü ildən əvvəl planlaşdırılıb və ölkədəki demoqrafik vəziyyəti dəyişmək məqsədi daşıyan xarici müdaxilələr də bu prosesə təsir edib. Film, münaqişənin ilk saatlarında RSF tərəfindən ələ keçirilmiş Xartum Beynəlxalq Hava Limanı da daxil olmaqla, ölkənin əsas infrastrukturunun dağıdılmasını əhatə edir. Həmçinin 2025-ci ilin martında Sudan ordusunun əks-hücumu nəticəsində paytaxt və onun strateji obyektlərinin yenidən nəzarətə götürülməsi barədə məlumat verilir.
Sənədli filmdə həmçinin Xartumda qalan və zərərçəkənlərə yardım edən könüllülərin və şahidlərin ifadələrinə geniş yer verilir. Onlardan biri - gənc tibb işçisi Momen beş dostunu itirib və ağır yaralansa da, xəstəxanada işləməyə davam edir. Onun sözlərinə görə, xəstəxanadan 10 minə yaxın insan keçib, təəssüf ki, onlardan təxminən 3 min nəfəri xilas etmək mümkün olmayıb. Film Xartumdakı acınacaqlı vəziyyəti də təsvir edir: dağıdılmış su xətləri, elektrik enerjisinin olmaması və dərman çatışmazlığı nəticəsində şəhərə xolera geri qayıdıb. İnsanlar çirkli su içməyə məcbur qalıb, bu da yoluxma hallarının gündəlik artmasına səbəb olub. Filmdə bildirilir ki, bu vəziyyət bəzən müharibənin özündən də daha çətin olur.
Bundan əlavə, film Port-Sudan şəhərindəki vəziyyəti də əhatə edir. Burada dron hücumları qeydə alınsa da, yerli hakimiyyət orqanları əhalinin təhlükəsiz olduğunu bildirir. Lakin ümumi vəziyyətin gərgin olaraq qaldığı qeyd edilir.
Qeyd edək ki, film ümidi ifadə edən mesajla başa çatır. İstər könüllülər, istərsə də adi vətəndaşlar, bütün yaşananlara baxmayaraq, Sudan dövlətinin bərpasına və milli birliyin vacibliyinə inandıqlarını bildirirlər.
Fidan Xəlilova
11:46 19.06.2025
Oxunuş sayı: 582