KİV: İsrailin zərbələri Tehranın nüvə proqramını dayandıra bilmədi

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İsrailin İrana qarşı həyata keçirdiyi hava və raket hücumları Tehranın nüvə proqramına son qoya bilməyib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzeti bu barədə bölgədəki vəziyyəti izləyən Qərb hərbi mənbələrinə və nüvə silahlarının yayılmasının qarşısını alma üzrə beynəlxalq ekspertlərin rəyinə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, cəmi bir neçə günlük toqquşmalar zamanı İsrail İranın ondan çox aparıcı nüvə alimini və yüksək rütbəli hərbi rəhbərlərini hədəfə alaraq zərərsizləşdirib, həmçinin bir neçə əsas nüvə obyektini vurub.
Lakin beynəlxalq müşahidəçilərin fikrincə, bu hücumlar İsrailin üstün hərbi və kəşfiyyat imkanlarını nümayiş etdirməsinə baxmayaraq, İranın səpələnmiş və ciddi şəkildə qorunan nüvə infrastrukturuna ciddi zərər vura bilməyib.
Məqalədə vurğulanır:
“Əgər münaqişə Tehranın nüvə proqramı tamamilə məhv edilmədən və ya sərt beynəlxalq nəzarət mexanizmləri tətbiq olunmadan başa çatsa, bu, əksinə, İranı nüvə silahı əldə etmək səylərini daha da sürətləndirməyə sövq edə bilər.”
Nəşrin sitat gətirdiyi Qərb hərbi rəsmisi isə belə deyib:
“Mənim şəxsi fikrim budur ki, əgər İranın bundan sonra imkanı olsa, nüvə silahı əldə etmək üçün bacardıqca tez hərəkət edəcəklər.”
19:52 18.06.2025
Oxunuş sayı: 621