Xamenei: “İran xalqı nə müharibəyə, nə də məcburi sülhə təslim olmayacaq”

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsinin faktiki olaraq müharibə vəziyyətində olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Xamenei bu fikirləri iyunun 18-də çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, İran xalqı ona qarşı yönəlmiş bütün təzyiqlərə və təhdidlərə qarşı qətiyyətlə müqavimət göstərir:
“İran xalqı tətbiq edilən müharibəyə olduğu kimi, zorla qəbul etdirilmək istənən sülhə də müqavimət göstərir. Bu xalq heç vaxt təzyiqlərə boyun əyməyəcək”.
Ali lider bildirib ki, İrana qarşı təhdid dili ilə çıxış edənlər ölkənin tarixi, milli ruhu və mövcud potensialı barədə dolğun təsəvvürə malik olmalıdırlar:
“Amerikalılar anlamalıdırlar ki, İranla hər hansı hərbi qarşıdurma qarşısıalınmaz və ağır nəticələrə gətirib çıxaracaq. İran heç bir halda təslim olmayacaq və ABŞ tərəfindən atılacaq istənilən addım sərt cavabla üzləşəcək”.
Xamenei həmçinin İran daxilində milli həmrəylik və ideoloji yetkinliyin formalaşdığını vurğulayıb:
“İran xalqı bir bütün olaraq şüurludur, heç bir partiyanın və ya xarici gücün diktəsinə tabe deyil. Müharibəyə müharibə ilə, zərbəyə zərbə ilə cavab veriləcək”.
O, çıxışının sonunda İran xalqının nə hərbi təcavüzə, nə də zorla sülhə razı olmayacağını bir daha bəyan edib:
“Bu xalqla təhdid dili ilə danışmaq mümkün deyil. Bizə qarşı aparılan müharibəyə xalqımız mətanətlə cavab verir. Bu artıq danılmaz bir həqiqətdir – İran müharibə şəraitindədir”.
18:07 18.06.2025
Oxunuş sayı: 809