İran vətəndaşlara çağırış etdi: "WhatsApp"-ı silin

İran dövlət televiziyası çərşənbə axşamı günortadan sonra insanlara müraciət edərək onları populyar mesajlaşma tətbiqi olan WhatsApp-ı telefonlarından silməyə çağırıb. Səbəb kimi proqramın istifadəçi məlumatlarını guya İsrailə ötürdüyü iddia olunub, lakin bu ittihamı sübut edən hər hansı fakt təqdim olunmayıb.
WhatsApp İran ərazisində Instagram və Telegram ilə birlikdə ən çox istifadə olunan tətbiqlər sırasındadır. İranın bu çağırışı bölgədə artan gərginlik fonunda diqqət çəkib. Qeyd olunur ki, İran artıq bir sıra sosial media platformalarına uzun müddətdir qadağa qoyub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, WhatsApp-ın sözçüsü məsələ ilə bağlı açıqlama verərək proqramın uçtan-uça şifrələmə texnologiyasından istifadə etdiyini bildirib. Bu texnologiya mesajların yalnız göndərən və alan tərəfindən oxuna bilməsini təmin edir. “Biz istifadəçilərin dəqiq yerini izləmirik, kimə mesaj göndərildiyini qeyd etmirik və fərdi mesajlara çıxışımız yoxdur. Heç bir hökumətə məlumat ötürmürük,” – deyə WhatsApp-ın açıqlamasında vurğulanıb.
Xatırladaq ki, 2022-ci ildə İranda əxlaq polisi tərəfindən saxlanılan bir qadının ölümü ilə nəticələnən etirazlar zamanı WhatsApp və Google Play müvəqqəti olaraq qadağan edilmişdi. Həmin məhdudiyyətlər 2024-cü ilin sonunda aradan qaldırılmışdı
Zəhra Ağayeva
16:39 18.06.2025
Oxunuş sayı: 483