Aİ Avstraliya və Kanada ilə müdafiə sazişi imzalayacaq

Avropa İttifaqı təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirmək məqsədilə Avstraliya və Kanada ilə Təhlükəsizlik və Müdafiə Paktı imzalamağa hazırlaşır. Bu sazişlər tərəflər arasında hərbi istehsal və müdafiə sənayesində sıx əməkdaşlığa yol açacaq.
Avstraliya çərşənbə günü Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sazişi üzrə rəsmi danışıqlara başlayacağını açıqlayıb. Eyni zamanda Aİ-nin gələn həftə Kanada ilə də oxşar saziş bağlayacağı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu sazişlər NATO üzvü olan hər iki ölkənin Avropa İttifaqının 150 milyard avroluq SAFE müdafiə proqramında iştirakına imkan verəcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, bu əməkdaşlıq gərginliyin artdığı dövrdə etibarlı tərəfdaşlarla birgə dayanmaq baxımından vacibdir.
SPD sazişi Aİ-nin “Hazırlıq 2030” planının bir hissəsidir və üçüncü ölkələrin birgə silah alınması təşəbbüslərinə qatılmasına imkan yaradır. Hərbi texnikaların böyük hissəsinin Aİ daxilində və ya bu sazişi imzalayan ölkələrdə istehsal olunması əsas şərtlərdən biridir.
Fransa artıq Bolqarıstanın hava nəzarət sistemlərinin gücləndirilməsi üçün birgə radar layihəsinə qoşulduğunu açıqlayıb. Gözlənilir ki, yaxın zamanda digər tərəfdaş ölkələr də Aİ ilə bu istiqamətdə əməkdaşlığa başlayacaq.
Zəhra Ağayeva
14:25 18.06.2025
Oxunuş sayı: 503