Rusiya: Ukraynaya 6 060 əsgərin cənazəsi təhvil verildi

İstanbulda keçirilən birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, əldə olunan razılaşmalar çərçivəsində Rusiya Ukraynaya ümumilikdə 6 060 hərbçinin cənazəsini təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Medinski Telegram kanalında paylaşdığı açıqlamada qeyd edib. O bildirib ki, İstanbulda iyunun ikisində Rusiya və Ukrayna arasında Türkiyənin ev sahibliyində baş tutan görüşlərdə əldə edilən razılaşmaların bir hissəsi olaraq bu cənazələrin qaytarılması təmin olunub. Qarşı tərəfdən isə cəmi 78 cənazə qəbul edilib. Bundan əlavə, əsir mübadiləsi prosesi davam edir və cəbhədə ağır yaralananların təcili tibbi təxliyəsi həyata keçirilib.
Digər tərəfdən, Ukrayna Hərbi Əsir Məsələləri üzrə Koordinasiya Mərkəzinin Telegram kanalında yayımlanan açıqlamada bildirilib ki, Rusiya tərəfi daha 1 245 ukraynalının cənazəsini təhvil verib.
Açıqlamada qeyd edilib:
“Bu gün İstanbul razılaşmalarına uyğun olaraq geri qaytarma tədbirlərinin son mərhələsi həyata keçirildi. Rusiya, aralarında hərbi qulluqçuların da olduğu 1 245 ukraynalının cənazəsini daha təhvil verdi. Beləliklə, Ukrayna tərəfi İstanbul razılaşmaları çərçivəsində cəmi 6 057 cənazə qəbul edib”.
Xatırladaq ki, İstanbul danışıqlarında dondurulmuş cənazələrin təhvili, ağır yaralı və xəstələrin, eləcə də 25 yaşadək hərbi əsirlərin mübadiləsi barədə razılıq əldə olunmuşdu.
Mədinə Cəlilova
06:00 17.06.2025
Oxunuş sayı: 574