ABŞ-nin onlarla yanacaq təyyarəsi havalandı – Müharibəyə hazırlıq gedir?

İsrail və İran arasında başlayan və beş gündür davam edən müharibə fonunda ABŞ-nin potensial müdaxiləsi və İsrailə dəstək ehtimalı müzakirə olunur. Uçuş izləmə məlumatlarına əsasən, ABŞ-dən ayrılan 28-dən çox yanacaq doldurma və tanker təyyarəsinin şərq istiqamətində, Atlantik okeanı üzərindən uçduğu qeyd olunub.
Crossmedia.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin xəbərinə görə, bu təyyarələrin hazırda döyüş təyyarələrinə müşayiət etmədiyi, amma müxtəlif bölgələrdəki ABŞ yanacaq təyyarələrinin əvəzi ola biləcəyi qeyd edilib. Bir digər ehtimal isə onların İsrail və İran arasındakı müharibə fonunda ABŞ və ya İsrailin artan hava fəaliyyətlərinə dəstək verməsidir.
“Military Watch Magazine” jurnalı da bu məsələ ilə bağlı məlumat yayıb. Jurnalda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 və KC-46 tipli yanacaq təyyarələrinin ABŞ-dən “misli görünməmiş sayda” havaya qalxdığı və bunun İsrail-İran münaqişəsinə müdaxilə ehtimalını artırdığı bildirilib.
Eyni zamanda, məlumatda ABŞ-dən havaya qalxan yanacaq təyyarələrinin sayının artdığı və 15 iyun şənbə gecəsi 30-u keçdiyi vurğulanıb. Bir neçə Qərb ölkəsinin tanker təyyarələrinin artıq İsrail Hərbi Hava Qüvvələrinə dəstək verdiyi və ABŞ təyyarələrinin də bu məqsədlə istifadə oluna biləcəyi ehtimal edilir.
“Forex Live” platformasında yayımlanan məlumatlara əsasən, KC-135 və KC-46 təyyarələri ABŞ-dən havaya qalxaraq Atlantik okeanı üzərindən Avropaya doğru istiqamət alır.
Dəyərləndirmələrə görə, bu təyyarələr ABŞ-nin müharibəyə aktiv şəkildə qoşulması halında, ABŞ Hərbi Hava Qüvvələri və Donanmasına bağlı döyüş və bombardman təyyarələrinə havadan yanacaq dəstəyi verə bilər.
Mədinə Cəlilova
04:00 17.06.2025
Oxunuş sayı: 580