İsrailin hədəfindəki nüvə qalası: Fordo olmadan İranın proqramı dayanar?

İranın nüvə proqramında əsas rol oynayan Fordo nüvə obyektinin İsrail tərəfindən sıradan çıxarılmasının ABŞ-nin dəstəyi olmadan mümkünsüz olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, son günlər beynəlxalq medianın diqqət mərkəzində olan Fordo nüvə kompleksi İranın ən önəmli strateji obyektlərindən biri sayılır. İsrailin bu obyektə zərbə endirmək istədiyi, lakin bunun üçün ABŞ-nin dəstəyinə ehtiyacı olduğu vurğulanır.
Fordo İranın iki əsas uran zənginləşdirmə obyektindən biridir. Qum şəhərindən 32, Tehran şəhərindən isə 161 kilometr uzaqlıqda, dağın altında yerləşən bu kompleks qala kimi inşa edilib. İranın ən müasir sentrifuqaları burada yerləşir.
Bu obyektin inşasına əvvəlcə gizli şəkildə başlanılmış və onun mövcudluğu ilk dəfə 2009-cu ildə Qərb kəşfiyyat orqanları tərəfindən aşkar olunmuşdu. ABŞ, Böyük Britaniya və Fransa Fordo obyektini İranın nüvə proqramının sülh məqsədli olmadığının sübutu kimi təqdim etmişdi. Tehran isə bu ittihamları rədd etmişdi.
Fordoda ilk uran zənginləşdirmə fəaliyyəti 2011-ci ildə başlayıb. İran həmin vaxt uranın tibbi məqsədlərlə 20 faizə qədər zənginləşdiriləcəyini bildirmişdi. 2015-ci ildə imzalanan nüvə sazişinə əsasən, İran Fordoda uran zənginləşdirməyə 15 illik fasilə verməyi öhdəsinə götürmüşdü. Həmin razılaşmaya əsasən, zənginləşdirilmiş uranın səviyyəsi maksimum 3.67% həddində saxlanılmalı idi. Bu isə nüvə silahı üçün lazım olan 90% səviyyəsindən xeyli aşağıdır.
Lakin 2018-ci ildə ABŞ-nin o zamankı prezidenti Donald Tramp sazişdən birtərəfli qaydada çıxdıqdan sonra İran nüvə proqramına yenidən sürət verdi. 2023-cü ilin martında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Fordo obyektində 83.7% zənginləşdirilmiş uran fraqmentləri aşkar etdiyini açıqladı. Bu da nüvə silahı istehsalı üçün tələb olunan həddə çox yaxın sayılır.
Fordo hazırda İsrailin mümkün hücum ssenarilərində əsas hədəf kimi qiymətləndirilir. Obyekt çoxmərtəbəli şəkildə qranit dağın daxilində yerləşdiyi üçün yalnız xüsusi “sığınacaq delen bombalar”la vurula bilər. Bu kateqoriyaya daxil olan bombalar və onları daşıya biləcək bombardmançı təyyarələr yalnız ABŞ ordusunun arsenalında mövcuddur.
Məlumata görə, yalnız ABŞ-nin malik olduğu GBU-57 tipli “MOP” bombası Fordo-nu məhv edə bilər. Bu bomba 14 ton ağırlığında, 6 metr uzunluğundadır və 61 metr qalınlığında betonu dəlib keçə bilir. Onu daşıya biləcək yeganə platforma isə ABŞ-nin B-2 bombardmançı təyyarələridir.
Keçmiş ABŞ rəsmisi Brett McGurk bu barədə demişdi: “Əgər Fordoya zərər verə bilmirsinizsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almış sayılmazsınız”.
Fordoynun zərərsizləşdirilməsinin yalnız hava zərbələri ilə deyil, xüsusi təyinatlı qrupların yerə endirilməsi ilə də mümkün ola biləcəyi qeyd olunur.
Bəzi ekspertlər isə hesab edir ki, Fordo sıradan çıxarılsa belə, bu, İranın nüvə proqramının sonu olmayacaq. Belə ki, Natanz yaxınlığında daha mühafizə olunan yeni bir nüvə obyektinin inşası davam edir. Bu yeni obyekt Fordodan fərqli olaraq 4 tunel girişinə malikdir və hücum zamanı girişlərin bağlanmasını daha da çətinləşdirir.
Mədinə Cəlilova
01:00 17.06.2025
Oxunuş sayı: 875