İran: “İsrailin müdafiə sistemləri bir-birini vurduq”

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirdikləri son hücum dalğasında yeni bir üsul tətbiq etdiklərini və bunun nəticəsində İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemlərinin bir-birini hədəfə aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumatda bildirilir ki, bu, təşkilatın bu gün gerçəkləşdirdiyi səkkizinci əməliyyat dalğası çərçivəsində baş verib. Hücumun əvvəlkilərlə müqayisədə daha “güclü və dağıdıcı” olduğu vurğulanıb. İstifadə olunan qabaqcıl kəşfiyyat və texniki imkanlar nəticəsində İsrailin hava hücumundan müdafiə şəbəkəsində ciddi nasazlıqlar yaranıb.
Açıqlamada qeyd olunur: “Düşmənin çoxqatlı müdafiə sistemləri rejimin hava hücumundan müdafiə vasitələrinin bir-birini hədəf almasına səbəb olacaq şəkildə pozulub”.
SEPAH həmçinin bəyan edib ki, ABŞ və Qərb ölkələrinin hərtərəfli dəstəyinə, eləcə də ən müasir texnologiyalara malik olmalarına baxmayaraq, bu əməliyyatda istifadə olunan taktika və qabiliyyətlər sayəsində işğal altındakı ərazilərdəki hədəflərə maksimal təsirli raket zərbələri endirilib.
İsrail ordusu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, İsrailli rəsmilər daha əvvəl “Dəmir Qübbə” sisteminin 100 faiz effektiv olmadığını açıq şəkildə etiraf etmişdilər.
Mədinə Cəlilova
22:30 16.06.2025
Oxunuş sayı: 979