NATO-nun şərq cinahı Rusiya təhdidinə qarşı hazırlıqlara başlayıb

Polşa və Baltikyanı ölkələrdə NATO-nun şərq cinahı üzrə xəstəxanaları mümkün Rusiya təhdidinə qarşı genişmiqyaslı hazırlıqlara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, regionda yerləşən səhiyyə infrastrukturu hərbi vəziyyətə uyğunlaşdırılır. Polşa və Baltik ölkələri gülləkeçirməz dəbilqə və jiletlər alır, eləcə də yeraltı əməliyyat mərkəzləri yaradır.
Vilnüs Universiteti xəstəxanası – bölgənin ən iri tibbi müəssisələrindən biri – artıq yeraltı sığınacaqlar, bomba hücumlarına qarşı dayanıqlı infrastrukturlar, helikopter meydançası və avtonom enerji təminat sistemləri ilə təchiz olunur.
Estoniya da zirzəmiləri müasirləşdirir və fövqəladə hallarda istifadə edilə biləcək mobil tibbi qurğular alır. Ukraynada davam edən müharibədən dərs çıxaran estoniyalı rəsmilər Rusiyanın mülki və enerji infrastrukturuna qarşı həyata keçirdiyi hücumlara bənzər ssenarilərə hazırlaşdıqlarını bildirirlər.
Qeyd olunur ki, regionda əlavə generatorlar da təmin olunur və səhiyyə sisteminin davamlı fəaliyyəti üçün tədbirlər genişləndirilir.
18:36 16.06.2025
Oxunuş sayı: 772