Dünya liderlərinin diqqəti Kanadaya yönəlib: Müharibələr bitir?

Kanadada keçirilən G7 sammiti bu il regional müharibələr, geoiqtisadi təlatümlər və ABŞ Prezidenti Donald Trampın təxribatçı çıxışları fonunda baş tutur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, dünyanın ən böyük iqtisadi güclərinin liderləri İsrail-İran arasında artan gərginlik və Trampın ticarət tarifləri siyasəti səbəbindən narahatlıq içində Kanadanın Kananaskis şəhərində toplaşıblar.
İsrailin İrana hücumları və Tehranın cavab tədbirləri bir çox liderləri vəziyyəti dərindən müzakirə etməyə vadar edib. ABŞ rəsmilərinin verdiyi məlumata görə, Tramp yaxın günlərdə İsrailin İranın ali lideri Ayətullah Əli Xameneini hədəfə alma planına veto qoyub. Bu isə İsrailin nə qədər irəli getməyə hazır olduğunun göstəricisi kimi şərh olunur.
Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident Tramp ilə böhranın aradan qaldırılması istiqamətində sıx müzakirələr aparıldığını bildirib. O, sammitin bu müzakirələr fonunda davam edəcəyini qeyd edib.
Sammitə ev sahibliyi edən Kanadanın Baş naziri Mark Karni isə builki sammitin sonunda ənənəvi birgə bəyanatın verilməyəcəyini açıqlayıb. Bu qərar, G7-də yekdilliyin pozulduğunun əlaməti kimi qiymətləndirilir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə mətbuat konfransında bildirib ki, sammit Ukrayna məsələsinə də diqqət ayıracaq və Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi əsas prioritetlərdən biridir:
“Biz real atəşkəsə nail olmaq, Rusiyanı danışıqlar masasına oturtmaq və bu müharibəyə son qoymaq üçün birlikdə hərəkət etməliyik,” – deyə o vurğulayıb.
Sammitin diqqətçəkən məqamlarından biri də Trampın çıxışları olub. O, Kanadanı ABŞ-ın “51-ci ştatı” etmək və Qrenlandiyanı ələ keçirmək kimi təxribat xarakterli bəyanatlarla gündəmə gəlib. Fransa Prezidenti Emmanuel Makron isə bu bəyanatlara cavab olaraq bildirib ki, “Qrenlandiya nə satıla bilər, nə də alınar”.
Builki sammitin strukturunda da fərqli yanaşma hiss olunur. Ənənəvi G7 üzvlərindən əlavə olaraq, Kanada sammitə Hindistan, Ukrayna, Braziliya, Cənubi Afrika, Cənubi Koreya, Avstraliya, Meksika və BƏƏ liderlərini dəvət edib. Gömrük rüsumları və ticarət məhdudiyyətləri isə əsas gündəm mövzularındandır.
Sammitdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Tramp arasında görüşün baş tutması gözlənilir. Bu görüş, onların bir neçə ay öncə Ağ Evdə keçirdikləri gərgin və səs-küylü görüşdən sonra ilk təmas olacaq.
Britaniyanın baş naziri Starmer isə sammitdən öncə Kanadanın paytaxtı Ottavada Baş nazir Mark Karni ilə görüş keçirib. Bu, səkkiz ildən sonra Britaniya hökumət başçısının Kanadaya ilk rəsmi səfəridir.
Hazırkı gərgin qlobal mənzərə fonunda G7 sammiti dünya gücləri arasında həmrəylikdən çox fərqli maraqların toqquşduğu bir diplomatik sınaq meydanına çevrilib.
Zəhra Ağayeva
13:18 16.06.2025
Oxunuş sayı: 1153