Netanyahudan sərt bəyanat: “İranın nüvə Holokostuna imkan verə bilməzdik”

Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun verdiyi açıqlamalar beynəlxalq arenada geniş rezonans doğurub. Müsahibəsində Netanyahunun bildirdiyinə görə, İran ərazisinə hava zərbələrinin endirilməsi qərarı “nüvə Holokostunun” qarşısını almaq məqsədilə verilib.
Crossmedia.az xəbər verir ki, “Biz hərəkətə keçməli idik. Bu, son məqam idi və addım atdıq – özümüzü xilas etmək, həm də bu rejimdən bütün dünyanı qorumaq üçün”, – deyə Netanyahu bildirib.
Netanyahunun sözlərinə görə, İsrailin kəşfiyyat orqanlarının ABŞ ilə bölüşdüyü məlumatlara əsasən, İran uranın hərbi məqsədlərlə zənginləşdirilməsinə gizli şəkildə hazırlaşırdı və ilk nüvə sınaq qurğusunu hazırlamağa doğru sürətlə irəliləyirdi. İsrailin təxminlərinə görə, İran artıq doqquz nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik idi.
“O başlıqları yalnız silahlandırmaq qalırdı. Biz bunu dayandırdıq”, – deyə İsrail lideri bəyan edib.
Netanyahu vurğulayıb ki, İsrail dövlətinin ən vacib vəzifəsi tarixdə ikinci dəfə yəhudi xalqının kütləvi məhv edilməsinə yol verməməkdir.
“Biz artıq bir Holokost yaşamışıq, ikinci Holokosta– nüvə Holokostuna icazə verməyəcəyik. Yəhudi dövləti buna imkan verməyəcək. Bu baş verməyəcək”, – deyə o qəti şəkildə bildirib.
Netanyahu onu da bildirib ki, İsrailin məqsədi birbaşa İran rejimini devirmək olmasa da, bunun nəticə olaraq baş verə biləcəyini istisna etmir.
“Rejim çox zəifdir. Əhali bacarsaydı, bu teokratik hakimiyyəti devirərdi. Onlar qadınlara saçları açıq olduqları üçün atəş açırlar. Tələbələrə qarşı zorakılık edirlər. Onlar bu cəsur və istedadlı İran xalqını boğurlar”, – deyə o qeyd edib.
Netanyahu həmçinin əlavə edib ki, dəyişiklik qərarını yalnız İran xalqı verməlidir:
“Qalxmaq qərarını verməli olan məhz İran xalqıdır.”
Nigar Yahyazadə
22:48 15.06.2025
Oxunuş sayı: 717