İraq baş naziri: İsrailin hücumlarına qarşı İrana yardım etməyə hazırıq

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ölkəsinin, İsrailin İrana qarşı hava zərbələri fonunda Tehranla həmrəy olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, O, rəsmi Bağdadın zərurət yaranacağı təqdirdə İrana yardım etməyə hazır olduğunu bildirib.
Əl-Sudani, bölgədəki gərginliyin artmasından ciddi narahatlıq keçirdiklərini və bu gərginliyin daha genişmiqyaslı qarşıdurmalara səbəb ola biləcəyini vurğulayıb. Baş nazirin sözlərinə görə, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar təkcə İrana qarşı deyil, bütün regionun sabitliyinə və təhlükəsizliyinə təhdid yaradır:
“Biz bölgədə daha bir müharibənin baş verməsini istəmirik. Ancaq İrana qarşı yönəlmiş bu aqressiya davam edərsə, İraq xalqı və dövləti olaraq dost və qonşu İranın yanında olacağıq”.
İraq hökumətinin bu bəyanatı regionda yeni ittifaqların və mümkün cavab zərbələrinin müzakirə olunduğu bir dönəmə təsadüf edir. Eyni zamanda, bəzi yerli və beynəlxalq analitiklər Sudani hökumətinin bu mövqeyini ABŞ-İsrail tərəfdaşlığına qarşı açıq bir mövqe kimi qiymətləndirir.
Qeyd edək ki, İsrail son günlərdə İranın müxtəlif şəhərlərində, xüsusilə də hərbi obyektlər və nüvə ilə bağlı təsisatlarda hədəflərə hava hücumları həyata keçirib. İran tərəfi isə bu hücumlara cavab veriləcəyini açıqlayıb.
18:35 15.06.2025
Oxunuş sayı: 723