Netanyahunun ən böyük qorxusu: “Bir avtobus dolusu partlayıcı” – İranın ballistik raket təhdidi böyüyür

İranın İsrailə qarşı istifadə etdiyi yeni nəsil ballistik raketlər, xüsusilə də “Şahed Hac Qasım” tipli raketlər, İsrail baş naziri Benyamin Netanyahunu ciddi narahat edir. ABŞ-nin “The New York Times” qəzetinin yazdığına görə, Tel-Əviv və ətraf şəhərlər İran raketlərinin birbaşa hədəfinə çevrilib.
Netanyahu, ötən cümə günü başladılan hücumların İsrail üçün “mövcud” iki təhdidi aradan qaldırmaq üçün zəruri olduğunu bildirib: “İranın nüvə proqramı və son günlərdə atdığı yüzlərlə ballistik raket”,-deyə açıqlama edib.
Crossmedia.az xəbər verir ki, İsrail rəsmilərinin məlumatına görə, İran cümə gecəsindən bəri İsrailə qarşı təxminən 200 ballistik raket və çoxlu sayda partlayıcı dron atıb. Bu raketlərdən bəziləri Tel-Əviv, Ramat Gan, Rişon LeTsion və Hayfa şəhərlərini hədəfə alıb.
İsrail mediası cümə və şənbə günləri həyata keçirilən hücumlarda azı 10 mülki şəxsin öldüyünü, 7-si hərbçi olmaqla 200-dən çox insanın yaralandığını bildirir.
İsrail ordusunun sözçüsü, general Effie Defrin, ölkənin hava müdafiə sisteminin dünyanın ən güclülərindən biri olduğunu, lakin yenə də “keçilməz” olmadığını bildirib.
Netanyahu, İranın hal-hazırda ayda 300 raket istehsal etdiyini və bu sürətlə 6 il ərzində 20 min raketə sahib olacağını deyib. Onun sözlərinə görə, bu raketlərin hər biri İsrail şəhərlərinə düşməyə hazır “bir avtobus dolusu partlayıcı” ilə müqayisə edilə bilər.
İranın ballistik raketlərinin əksəriyyəti 300-700 kq arasında partlayıcı daşıya bilir, bəzi başlıqların çəkisi isə 1 tona qədər yüksəlir. Raketlər sıx məskunlaşmış bölgələrə düşdüyü üçün yalnız zərbə dalğaları belə böyük dağıntılara səbəb ola bilir.
İsrailli raket və kosmos mütəxəssisi Tal İnbar “The New York Times”a bildirib ki, İranın bu hücumda istifadə etdiyi ən az bir raket əvvəllər İsrailə qarşı istifadə olunmayıb. “Şahed Hac Qasım” adlı bu yeni nəsil raketin 1610 km-ə qədər məsafəni vurmaq qabiliyyəti var.
Bu raketlər bərk yanacaqla işlədiyi üçün illərlə yeraltında saxlanıla, istənilən anda buraxılışa hazır vəziyyətə gətirilə bilər.
İranın Yaxın Şərqdəki müttəfiqlərindən olan Husilər də İsrailə raket hücumları təşkil edir. Lakin onların istifadəsində olan raketlərin əksəriyyəti İsrail və ABŞ hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir. Analitiklərə görə, İranın hücumlarındakı əsas fərq eyni anda çoxsaylı raketin atılması və onların əhalinin sıx yaşadığı ərazilərə yönəlməsidir.
İsrail ordusu İranın raket bazalarını və anbarlarını hədəf alaraq, Təl-Əvivə qarşı atıla biləcək potensial raket sayını azaltmağa çalışır. Buna baxmayaraq, hərbi ekspertlər İranın hələ də İsrailə çata biləcək yüzlərlə, bəlkə də 2000-ə yaxın raketə sahib olduğunu bildirirlər.
Mədinə Cəlilova
17:10 15.06.2025
Oxunuş sayı: 901