Fransa prezidentinin təşəbbüsü ABŞ Senatında tənqid olunub

ABŞ Senatının respublikaçı üzvləri Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması və bu istiqamətdə BMT çərçivəsində keçiriləcək beynəlxalq konfransa dəstək kampaniyasını kəskin tənqid ediblər.
Crossmedia.az xəbər verir ki, növbəti həftə Nyu-Yorkdakı BMT qərargahında Fransa və Səudiyyə Ərəbistanının birgə sədrliyi ilə “Fələstin məsələsinin sülh yolu ilə həllinə dair və iki dövlətli həllin reallaşdırılması üzrə yüksək səviyyəli beynəlxalq konfrans”ın keçirilməsi planlaşdırılır. ABŞ-nin bəzi senatorları bu tədbiri regionda sülhün təmin olunması ilə bağlı Vaşinqtonun səylərindən diqqəti yayındıran addım kimi qiymətləndiriblər. Qeyd olunur ki, Tramp administrasiyasının bu konfransa qarşı üzv dövlətləri tədbirdə iştirak etməməyə çağırması yüksək dəyərləndirilib.
ABŞ tərəfi diplomatik etiraz notasında bəyan edib ki, konfransdan sonra “İsrail əleyhinə addımlar” atan hər hansı bir hökumət Amerikanın xarici siyasət prioritetlərinə zidd fəaliyyət göstərmiş sayılacaq.
Senator Con Kennedi və senator Coş Hauley Fransa Prezidentini tənqid edərək onun xarici siyasətdəki mövqeyini “uyğunsuz” və “təsirsiz” adlandırıblar. Senator Kennedi bildirib ki, “Makronun bu davranışı Fransanın beynəlxalq münasibətlərdəki sabit mövqeyinə zərbə vurur. O, indi gücsüz vəziyyətdədir və boş vaxtı çoxdur.” Senator Hauley isə qeyd edib ki, Avropada əsas güc mərkəzləri artıq Almaniya və Böyük Britaniyadır.
Senator Markueyn Mallin isə oxşar fikirlər səsləndirərək bildirib: “Fransa həmişə olduğu kimidir – ehtiyac içində olduqda ABŞ-ə müraciət edir, indi isə sərt mövqe nümayiş etdirməyə çalışır. Ancaq bu, ABŞ-nin qərarlarını dəyişdirməyəcək.”
Nigar Yahyazadə
16:20 12.06.2025
Oxunuş sayı: 786