Yaxın Şərqdə gərginlik artır: diplomatik nümayəndəliklərin təxliyəsi, yeni hücumlar

Yaxın Şərqdə son günlər müşahidə olunan siyasi-hərbi gərginlik fonunda bir sıra ölkələr təcili addımlar atmağa başlayıb. ABŞ və İsrail tərəfi təhlükəsizlik tədbirlərini gücləndirərkən İran mümkün hücumlara qarşı sərt cavab verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İranın hərbi və siyasi rəhbərliyi İsrailin mümkün hücumuna qarşı tədbirləri müzakirə edib. Bildirilir ki, İran cavab olaraq İsrailə qarşı yüzlərlə ballistik raketin istifadəsini nəzərdə tutan plan hazırlayıb.
Bundan əlavə, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamağa tam hazır olduğu barədə ABŞ rəsmilərinə məlumat verilib. Eyni zamanda, ehtimal olunur ki, İran ABŞ-nin İraqdakı obyektlərini də hədəf ala bilər.
İranın müdafiə naziri Azizi Nasirzade bəyan edib ki, əgər ABŞ ilə müharibə baş verərsə, Yaxın Şərqdəki bütün Amerika hərbi bazaları hədəfə çevriləcək.
Bölgədəki vəziyyətə münasibət bildirən ABŞ prezidenti Donald Tramp amerikalılara Yaxın Şərqi tərk etməyi tövsiyə edib. O, qeyd edib ki, bu region "təhlükəli yerə çevrilə bilər" və ABŞ heç bir halda İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Bununla belə, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun 15 iyun tarixində İranla nüvə proqramı üzrə altıncı danışıqlar raundunda iştirak edəcəyi gözlənilir.
Nigar Yahyazadə
15:45 12.06.2025
Oxunuş sayı: 776