Yeni çağırışlar kontekstində Azərbaycan-Macarıstan əlaqələri

Müasir dünya nizamında hazırda son dərəcə ciddi təmərküzləşmə prosesləri getməkdədir. Bəzi siyasi ekspertlər, mütəxəssislər bu yeni axtarışları maraqlar kontekstində “strateji əməkdaşlar bloku”, “şəbəkələşmə”, “çoxqütbləşmə” yeni “güc və konqlomerat qütb”lərin yaranması və s. kimi qeyd etsələr də, aydın olan həqiqət budur ki, hər bir dövlət özünün iqtisadi, enerji təhlükəsizliyi, milli maraqları və s. kontekstində strateji əməkdaşlıqlara daha da ciddi önəm verməyə çalışır və bu əməkdaşlıqların qarşılıqlı faydalılıq prinsipləri üzrə davamını istəyirlər. Xüsusi qeyd etməyə dəyər ki, bu dövlətlər icərisində elə qrup dövlətlər vardır ki, onlar üçün əsas məsələ dünyada sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı və davamlı inkişafın təminatı, enerji təhlükəsizliyi, ədalətli və legitim əməkdaşlıqlar daha vacib aktor kimi çıxış edir. Bu dövlətlər icərisində Azərbaycan və Macarıstan xüsusi önəmə malik dövlətlərdəndir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan qeyd olunan müasir münasibətlər sistemində öz sözünü deyən və beynəlxalq münasibətlər sistemində dayanıqlı əməkdaşlıqları və tərəfdaşlığı həyata keçirən ölkə kimi hazırda həm Qərb ölkələri, həm də Türk Dövlətləri Təşkilatı üçün xüsusi aktor rolunda qiymətləndirilir. Bu kontekstdə Azərbaycan-Macarıstan əlaqələrinin dinamik inkişafı özünəməxsus özəlliklərə sahib olmaqla yanaşı, hər iki dövlətin ortaq strateji maraqlardan çıxış etmələri, həm də bir növ ortaq tarixi-tale məsələsi kimi qiymətləndirilə bilər.
Fakt budur ki, ölkəmiz müstəqillik qazanmasından sonra Azərbaycan ilə Macarıstan arasında tərəfdaşlıq əlaqələri sürətlə inkişaf edir. Son illərin əsas əlamətdar hadisələrindən biri budur ki, bu əlaqələr artıq müxtəlif aspektli dialoq və əməkdaşlıqlar səviyyəsindən strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. Avropa ölkələrinin yüksək qaz qiymətlərinə möhtac olduğu bir şəraitdə Prezident İlham Əliyevin Budapeştə verdiyi dəstək və rəsmi səfərləri Macarıstan -Azərbaycan münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan və Macarıstan arasında mövqelərin bir çox məsələlərdə üst-üstə düşməsi, xüsusilə beynəlxalq münasibətlərdə oxşar yanaşmaların olması, hər iki dövlətin müstəqil siyasət həyata keçirmələri iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirən əsas amillərdəndir. Lakin qlobal müstəvidə qeyd olunan proseslər çərçivəsində müstəqil siyasət həyata keçirmək hazırda o qədər də asan məsələ deyildir.
Prezident İlham Əliyev mayın 20 də Budapeştdə Baş nazir V. Orbanla mətbuata açıqladıqları birgə bəyanatda qlobal arenadakı ziddiyyətlər kontekstində müstəqil siyasət aparmağın nə qədər çətin, lakin vacib olduğunu nəzərdə tutaraq qeyd edir. “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir”.
Azərbaycan və Macarıstan arasında münasibətlər təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır, bu əlaqələr dinamik olaraq strateji tərəfdaşlıq ruhunda daha da dərinləşir. TDT -da müşahidəçi qismində təmsil olunan Macarıstanın əgər enerji sektorunda təhlükəsizliyinə Azərbaycan ciddi dəstək durmaqla yanaşı Macarıstan tərəfi də öz növbəsində bunu Azərbaycana qarşı qərb dairələrində olan qısqanclıqlrın neytrallaşdırılması qismində bir növ reaksiyalarla cavablandırmağa, dəstək durmağa çalışır.
Hər iki ölkənin liderlərinin son görüşləri qarşılıqlı siyasi etimadın və regional əməkdaşlığın mühüm göstəricisidir. İkitərəfli görüşlərdə iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olmaqla yanaşı burada səmimi bir dostluq və xüsusi etimadın hökm sürdüyünü də əminliklə demək olar. Qeyri-rəsmi Zirvə görüşü öncəsi Baş nazir Viktor Orbanın mətbuat qarşısında liderlər tərəfindən verilən birgə bəyanatda Prezident İlham Əliyev barədə xüsusi ehtiramla çıxışı xüsusi önəmə malikdir. Baş nazir V. Orbanın “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” deməsi onu təsdiq edir ki, bu əlaqələrin dərin strateji əhəmiyyəti var.
Beynəlxalq müstəvidə baş verən çətinliklərə işarə edərək Baş nazirin dost ölkərin bir araya gələrək birlik nümayiş etdirməsini isə sevindirici hal adlandırması həqiqətən də təqdirə layıq bir haldır. Çünki“...beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər”. Bu həm də onu göstərir ki, Azərbaycan və Macarıstan, o cümlədən TDT daxil olan ölkələr müasir siyasi, iqtisadi, geopolitik, energi və s. “qasırğaların dəf” olunması işində həmrəylik nümayiş etdirməsi vacibdir və bu prosesin genişləndirilməsi “beynəlxalq gündəliyin” əsas mövzularından biri olmalıdır. Bu anlamda Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstan Baş naziri Viktor Orbanın arasında keçirilən görüşləri dinamik hərəkətdə olan münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolununda hesab etmək lazımdır. Eyni zamanda söhbət burada təkcə ikitərəfli maraqlar çərçivəsində öz təhlükəsizliyini təminatı məsələsindən yox, həm də Avropa və Avrasiya məkanında geosiyasi sabitliyin təmin olunmasına veriləcək töhfədən gedir. Aydındır ki, Mərkəzi Asiya “bazarına” Avropanın çıxışının ən optimal variantı Azərbaycan üzərindən ola bilər, bu isə perspektiv əməkdaşlıqlar üçün ən böyük imkanlardan biridir.
Çünki həqiqətən də, bu gün Avropada gedən proseslər göstərir ki, prosesin proqnozlaşdırılması bir növ, son dərəcə çətindir. Burada Z. Bzejinskini xatırlatmağa dəyər: Amerika yaxın perspektiv üçün öz fövqəlbəşər dövlət statusunu istənilən halda qorumaqda israrlıdır. Belə bir şəraitdə Rusiyaya olan təzyiqlər dolayısıyla Avropanın həm də özünü böhran vəziyyətinə sürükləyir. Baş Nazir V. Orbanın qeyd etdiyi kimi “...Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir”.
Təbii ki, bəhs olunan mövzu genişdir və onun izahını vermək o qədər də asan deyildir. Ancaq Azərbaycanın həyata keçirdiyi regional və qlobal əməkdaşlıqlar göstərir ki, Azərbaycanın həyata keçirdiyi strateji paradiqmanın aktorları düzgün müəyyən olunmuşdur. Bütün bunlar isə Azərbaycanın həm qonşu dövlətlərlə əlaqələrinin qorunması və inkişafını, həm də Avropa üçün strateji əhəmiyyətini daha da artırır. Məsələn, proses Azərbaycan qazının Macarıstana və digər Avropa ölkələrinə nəqli Cənub Qaz Dəhlizinin real faydasını bir daha praktik anlamda ortaya qoyur. Digər bir məsələ ondadır ki, Azərbaycanın həyata keçirdiyi humanitar strategiya və COP-29 nümunəsi, o cümlədən Azərbaycanın yaşıl enerji potensialı və bu sahədə Macarıstanla əməkdaşlıq imkanları göstərir ki, bu dinamika gələcəkdə Avropa enerji bazarında yeni mərhələnin başlanğıcına çevrilə bilər. Qeyd olunanlar onu göstərir ki, tarixi əlaqələrdən çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərini iki ölkə arasında təkcə iqtisadi və enerji sahələrində deyil, eyni zamanda mədəni-humanitar əlaqələrində də inkişaf etdirilməsi vacibdir. Həmçinin bu dinamika təhsil sahəsində əməkdaşlıq, xüsusilə önəmə malikdir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, müasir qlobal çağırışlar birmənalı deyildir. Hər bir dövlət bu çağırışlardan yararlanmağa çalışsa da, burada baş verən mübarizələr fonunda fikrimizcə, o dövlətlər qazanacaq ki, onlar beynəlxalq qanunlara, milli mənəvi dəyərlərə, yeni çağırışların mahiyyətinə adekvat addım ata bilirlər. Yeni çağırışlar kontekstində Azərbaycan-Macarıstan əlaqələri öz dinamikliyi, ədalətli olması, qarşılıqlı inam və hörmət, sədaqətli tərəfdaşlıq və tarixi köklər üzərində qurulduğundan onun perspektivi qlobal arenada təqdir olunan əlaqələrdən hesab olunur. Bu anlamda müşahidələr və analizlər göstərir ki, Azərbaycan-Macarıstan əlaqələrinin gələcək inkişafı həm regional, həm də beynəlxalq müstəvidə ölkəmizin mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Azərbaycanın post-müharibə şəraitində olmasına baxmayaraq, beynəlxalq əməkdaşlıqları və tərəfdaşlıqları genişləndirməyə davam etməsi göstərir ki, Azərbaycanın həm regional, həm də qlobal siyasətdə aktiv və etibarlı aktora çevrilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi müasir çağırışlar birmənalı olmadığı üçün təbii ki, bu çağırışlar fonunda Macarıstan kimi dost ölkələrlə yanaşı Azərbaycanın həyata keçirdiyi paradiqmalara qısqanc yanaşan dövlətlər də olacaqdır.
Şölət Zeynalov
YAP Yasamal rayon Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
11:25 26.05.2025
Oxunuş sayı: 25455