Yağışdan sonra bazar dəyişdi – hansı evlər bahalaşacaq?
Son günlər müşahidə olunan intensiv yağıntılar bəzi yaşayış ərazilərində ciddi fəsadlara yol açıb. Xüsusilə Keşlə, Xırdalan və digər ərazilərdə evlərə dəyən ziyan sakinlərin narahatlığını artırıb.
Nəticədə, bir sıra vətəndaşlar bu əraziləri tərk etməyə başlayıb, ev almaq istəyənlər isə qərarlarını yenidən nəzərdən keçirirlər. Bu vəziyyət həmin ərazilərdə daşınmaz əmlak bazarında qiymətlərin kəskin dəyişməsinə səbəb olub.
Əmlak üzrə ekspert Elnur Azadov Crossmedia.az-a mövzu ilə bağlı danışıb:
"O ərazilərə ki, yağış nəticəsinə zərər dəyib, o yerlərə təlabat azalacaq. Hər zaman belə mövzular gündəmə gəlib. Xatirimizdədirsə, illər öncə zəlzələ baş verəndə də belə olmuşdu. Çoxmərtəbəli binalara təlabat azalmış, fərdi evlərə təlabat çoxalmışdı. Həmçinin, qiymətlər də dəyişmişdi”.

Ekspertin sözlərinə görə, yağıntı təsir göstərən həmin ərazilərdə isə nisbətən qiymət artımı müşahidə olunacaq ki, həm kanalizasiya xətti var, həm də ərazilər yüksəkdir:
"Lakin bu uzunmüddətli deyil. Sadəcə bu ilə şamil oluna bilər. Məsələ aktual qalacaq. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri ətrafında bir çox ərazilərdə kanalizasiya xətti yoxdur. Artır ora kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı start verilib. Gələcəkdə belə ərazilərin 60-70%- ə qədər hissəsi kanalizasiya xətti ilə təmin olunacaq".
Fatimə
16:15 10.04.2026
Oxunuş sayı: 52